Britaniyanın “Virgin Media2" şirkətinin ekspertləri simsiz interneti sürətləndirməyin səkkiz üsulunu açıqlayıb.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Ekspertlər ilk növbədə istifadəçilərə mütəmadi olaraq internet brauzerin keş yaddaşını silməyi tövsiyə edir. İkincisi, brauzerin versiyasına fikir vermək, yenilənmələri tez-tez yoxlamaq və yükləmək lazımdır. Ekspertlər antivirus proqramlarının da simsiz internetin sürətinə təsir göstərdiyini bildirilir. Buna görə də keyfiyyətli proqram təminatını seçmək məsləhət görülür.
Başqa bir üsul internet sürətinə əhəmiyyətli dərəcədə təsir edən lazımsız fon proqramlarını dayandırmaqdır. Bundan savayı, “Wi-Fi” ötürücüsünün harada yerləşməsinə xüsusi diqqət yetirmək lazımdır.
Onları imkan daxilində daha hündür yerdə quraşdırmaq vacibdir. Bundan başqa, ötürücünü pəncərə yaxınlığında quraşdırmaq məsləhət görülmür, belə ki, bu zaman siqnalın çölə çıxışı güclənir, nəticədə, daxili məkanın internet sürəti azalır.
Ev şəbəkəsi üçün şifrə qoymağı da unutmaq lazım deyil. Çünki açıq “Wi-Fi”dan başqalarının istifadə etməsi nəticəsində sürət aşağı düşə bilər.
Bundan başqa, evlərdə “qara ləkələr”, yəni ötürücü siqnalının qalın divarlar və ya izolyasiya vasitələri tərəfindən bloklandığı yerlərdə - marşrutizatorların quraşdırılması tövsiyə olunmur.