İranlı hüquq müdafiəçisi və vəkil Nəsrin Sotude ümumilikdə 38 il müddətinə azadlıqdan məhrum edilib və 148 şallaq cəzası alıb.
Bu haqda BBC onun həyat yoldaşı Sotude Rza Xəndana istinadən məlumat verir
Sotude ümumilikdə 7 ittiham üzrə həbs cəzası alıb: O, hökumətə qarşı əlbirlik, ictimai nizamı pozma və digər maddələr üzrə təqsirli bilinib. İran qanunvericiliyinə görə xanım vəkil ən uzun müddətli həbs cəzası çəkəcək. Bundan başqa təyin olunmuş məhkəmə iclasına başıaçıq gəldiyi üçün ona 148 şallaq cəzası verilib.
Nəsrin Sotude İranda icbari baş örtüyünün ləğv olunması uğrunda mübarizə aparan fəallardan sayılır, eyni zamanda fəaliyyəti zamanı ölüm cəzasına qarşı çıxıb.
2018-ci ilin iyul ayında 55 yaşlı hüquq müdafiəçisi casusluq ittihamı ilə 5 il azadlıqdan məhrum edilmişdi.