Şimali Koreyadan olan hakerlər kiber hücumlar hesabına 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək 570 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.
Median.Az-ın məlumatına görə, bu barədə məlumatlar BMT Təhlükəsizlik Şurasının KXDR-ə sanksiyalar üzrə komitəsinin hesabatında yer alır. Komitə ekspertlərinin fikrincə, son iki ildə Pxenyan Asiyanın müxtəlif ölkələrində kriptovalyuta birjalarına azı beş uğurlu hücum reallaşdırıb.
Şimali Koreya kompaniyaları eyni zamanda, hərbi texnikanı satmaq üçün YouTube və Instagram akkauntlarına aktiv qoşulmağa başlayıblar. WeChat messenceri isə KXDR-ə dənizdə qeyri-leqal ticarət həyata keçirməyə imkan yaradan vasitəyə çevrilib.
Bu gün KXDR-ə münasibətdə maliyyə sanksiyaları, silah embarqosu, raket yanacağı və ikili təyinatlı materiallar göndərilməsini, həmçinin ölkədən kömür, dəmir, dəniz məhsulları və digər məhsullar ixracını qadağan edən ən sərt sanksiya rejimi tətbiq olunur. Sonuncu dəfə sanksiyalar 2017-ci ilin dekabrında sərtləşdirilib.