Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib.
DSX-dən verilən məlumata görə, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən bir nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq, İran istiqamətində geriyə doğru qaçıb.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində vəfat edib.
Sərhəd nümayəndəliyi xətti ilə İranın sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə bir ədəd gecə görmə cihazı aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.