Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənirlər. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.
Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.