Məşhur müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı araşdırma yekunlaşıb.
Median.Az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi müğənninin Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ona kömək etmiş iki fiqurant - Zaur Mərdanov və Vladimir Qusakov tərəfindən təşkil olunduğunu açıqlayıb.
Qurumun məlumatına əsasən, İsmayılov 2004-cü ilin yanvar ayında Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına gətirib. Sonradan onu ikinci mərtəbədə yerləşən öz kabinetinə çağırıb, “digər şəxslərlə birlikdə zor gücünə otaqda saxlayıb, ona fiziki xəsarətlər yetirilib”.
“Daha sonra İsmayılov Avraam Russodan bütün konsertlərini ləğv emtəyi və onun şərtləri əsasında estrada fəaliyyəti aparması üçün müqavilə bağlamasını tələb edib”, - deyə qurumun məlumatında deyilir.
Ardınca yuxarıda qeyd olunan iki fiqurant “zərərçəkəni zor gücünə avtomobilin arxa oturacağına əyləşdirib” İsmayılovun Moskvanın şəhərkənarındakı evinə aparıblar. Russo tələblərlə razılaşana qədər İsmayılovun evində bir neçə gün saxlanılıb.
Qurumun məlumatına görə, bunu sübut edən kifayət qədər dəlil toplanaraq, Baş Prokurorluğa göndərilib. Digər iştirakçılara qarşı ayrıca təhqiqat aparılır. Təqsirləndirilən şəxslər, o cümlədən T. İsmayılovun beynəlxalq axtarışı davam etdirilir.