Kolumbiyada evli qadın və onun sevgilisi “Uber” taksisi sifariş verib, sürücünün qadının əri olduğunu gördükdə təlaşa düşüblər.
Bu barədə “El Espectador” nəşri yazır.
Nəşrin məlumatına əsasən, Eymi adlı qadın və onun sevgilisi Xesus Barrios bir ildən çox öz münasibətlərini gizlədiblər.
Çərşənbə axşamı Eymi və Xesus Santa-Marta şəhərində görüşüblər və yerli motellərdən birinə gediblər.
Cütlük bilməyib ki, Eyminin əri dostunun avtomobilini götürüb və sonuncunun “Uber”də sürücü hesabından istifadə edib. Sevgililər sürücünün Leonardo adlı şəxs olduğu barədə bildiriş alıblar, və onun əvəzinə Eyminin ərini görəndə çox təəccübləniblər.
Yerli KİV yazır ki, Eymi və əri bir-birlərini qadının maşına əyləşməsindən sonra tanıyıblar.
Şahidlər hadisə barədə müxtəlif versiyalar danışırlar. Bəzi şahidlərin sözlərinə görə, hər üç şəxs maşından çıxıblar və kişilər küçədə dalaşmağa başlayıblar. Eymi isə onları ayırmağa çalışıb.
Digərləri isə bildirirlər ki, qadın və onun sevgilisi maşından çıxıb qaçıblar.