Qərb, xüsusən də ABŞ Konqresindəki respublikaçılar ona diqqət yetirməlidirlər ki, Ukraynadakı müharibə təkcə istifadə olunan raket və mərmilər yox, həm də ölən və şikəst olan hərbçilərin sayı ilə ölçülür.
Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı analitik Mixail Botsyurkiv deyib.
"Ukraynada itkilər o qədər böyükdür ki, demək olar, hər bir ailəyə toxunub. Müharibə və itkilərin gətirdiyi yorğunluq soyuq qar örtüyü kimi bütün ölkəni cənginə alıb. Qərbin müharibənin təkcə ölüm kimi yox, həm də kütləvi travma, sosial quruluşun dağılması kimi bəşəri dəyərini tanımasının vaxtıdır", - analitik bildirib.
Botsyurkivin sözlərinə görə, Lvovdakı Lıçakov və ölkədəki digər qəbiristanlıqlar dolub-daşır, aidiyyəti qurumlar yeni qəbirlər üçün ərazilər ayırmağa, axtarmağa məcbur olurlar:
"Mənə dedilər ki, Lvov ətrafındakı kiçik kəndlərdə kişi qalmayıb. Müharibənin başlanğıcında qəbul mərkəzlərində sıraya düzülən könüllü döyüşçü dalğası tamamilə yoxa çıxıb. Bu, məni düşündürür: kütləvi səfərbərlik başlasa, ölənlərdən, ömürlük əlil olanlardan, xaricə qaçanlardan, adlarının çağırış siyahılarından çıxarılması üçün pul alan məmurlardan başqa kim qalacaq?"
Analitik təkcə Ukraynaya yeni hərbi yardımın ayrılmasına mane olan respublikaçıları yox, həm də Amerika xalqını buna görə inandıra bilməyən Prezident Co Baydeni qınayır. Botsyurkiv vurğulayıb ki, ABŞ Ukraynanı Rusiyanın mərhəmətinə buraxarsa, bunun nəticələri bütün dünya üçün ağır olacaq.
"Ukraynanın əl-qolunu bağlamaq iki il əvvəl Rusiya işğalının başlamasından bəri Vaşinqtonun xərclərindən çox ağır xərclərlə nəticələnəcək. ABŞ-nin Ukraynanı tərk etməsi Amerikanın özü və müdafiə etdiyi dəyərlərdən imtinası deməkdir. Bir çox cəhətdən bu, həm də Amerikanın müharibəsidir, istisna burada ukraynalıların döyüşməsi və ölməsidir", - analitik söyləyib.