"Ermənistan hakimiyyəti bərabərlik və qarşılıqlılıq çərçivəsində suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaları açmağa hazır olduğunu bildirib. Azərbaycan isə faktiki olaraq belə yanaşmadan imtina etməyib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Bu mövzu əvvəllər Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında ətraflı müzakirə olunub. Təəssüf ki, indi bu iş erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib. Bəyanatda Rusiya Federasiyası FTB-nin sərhəd xidmətinin Mehri marşrutu üzərində nəzarəti ilə bağlı bəndinə gəlincə, bu, həm hərəkətin optimal təşkili, həm də iqtisadi baxımdan məntiqlidir. Rusiya sərhədçiləri artıq Sünik (Zəngəzur-red.) rayonunun cənubunda yerləşir, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar”, - Zaxarova bildirib.
O, həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi Mehri və ya digər marşruta alternativ deyil: “Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır”.
“Qeyri-regional oyunçulara gəlincə, onların Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək etmək istəməməsi yalnız siyasi konyuktura mülahizələri ilə izah olunur. Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə, qonşuları ilə qarşılıqlı əlaqəsini artırmasında maraqlı deyillər, başqalarını düşünmədən bölgəni parça-parça etməyə, orada öz maraqlarını təminetməyə çalışırlar. Bununla da ölkələr arasında ziddiyyətləri daha da gücləndirirlər”.
//Bakupost