Həbsdə ölən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Moskvadakı Borisov qəbiristanlığında dəfn olunacaq.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi martın 1-də saat 14.00-da Maryinodakı kilsədə keçiriləcək.
Xatırladaq ki, fevralın 16-da Rusiya Federasiyasının Federal Penitensiar Xidməti rusiyalı müxalifətçi Aleksey Navalnının Yamalo-Nenets Muxtar Dairəsinin 3 saylı islah koloniyasında öldüyü barədə məlumat yayıb. Navalnının həbsdə olduğu koloniyanın nümayəndələri siyasətçinin anasına onun qəfil ölüm sindromundan öldüyünü bildiriblər.
Navalnı 2021-ci ilin əvvəlindən həbsdə olub. 2023-cü ilin avqustunda Moskva Şəhər Məhkəməsi siyasətçini "ekstremizm” işi üzrə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edib.