Türkiyə əlverişli şərait yarandığı təqdirdə Rusiya və Ukrayna arasında danışıqların təşkilində hərtərəfli yardım göstərməyə hazırdır.
Median.Az xəbər verir ki, bu barədə Vaşinqtonda keçirikən Atlantik Şurada çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyinin səfiri və Ukrayna üzrə koordinatoru Əhməd Güldərə bildirib.
“Daha əvvəl Antalya və İstanbulda tərəflər arasında təmaslar təşkil etmişdik. Danışıqlar və diplomatiya üçün əlverişli şərait yarandıqda yardım göstərmək və aydın, ədalətli həll yolu tapmaq üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”, - o “Krımın onillik müvəqqəti işğalı: Ukraynanın dəstəklənməsində Türkiyənin rolu” mövzusunda müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə tərəflərin mövcud məsələləri müzakirə edə biləcəyi nəticəyönümlü danışıqlar mühitinin yaradılmasını təmin edə bilər.
Səfir xatırladıb ki, Türkiyənin diplomatik töhfəsi danışıqlar üçün platformaların hazırlanması ilə məhdudlaşmayıb. “BMT ilə birlikdə Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik. Bunun sayəsində Ukrayna 33 milyon tondan çox taxıl ixrac edə bildi. Əsirlərin mübadiləsi ilə bağlı razılaşmalar olub”, - o əlavə edib.
Diplomat bildirib ki, Ankara Kiyevə humanitar sahədə, hərbi əməliyyatlardan sonra infrastrukturun və mənzillərin bərpasında kömək etməyə hazırdır.