Avropa İttifaqının Belarusdakı nümayəndə heyətinin rəhbəri Dirk Şubel ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin saytından məlumat verilib.
Məlumata əsasən, Aİ nümayndəsinin XİN-ə çağırılmasına səbəb İttifaq ölkələrinin Belarusa qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketi və həmin sanksiyalara qarşı cavab tədbirlərinin elan edilməsi olub.
“Belarus Respublikası Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır. Həmçinin, Aİ ilə readmissiya barədə razılaşmanın fəaliyyətinin dayandırılması prosedurunu başladır. Bununla yanaşı, Belarusun Aİ yanında nümayəndəsi məsləhətləşmələr üçün Minskə çağırılır”, - deyə XİN-in bəyanatında bildirilib.
Bununla yanaşı, bəyanatda sanksiyaların tətbiqində iştirak etmiş İttifaq rəsmilərinin Belarusa girişinin qadağan olunacağı da qeyd olunub.