İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının qətlində iştirak edən səudiyyəlilər ABŞ-da hərbi təlim keçiblər.
Bu barədə “The New York Times” öz mənbələrinə və sənədlərə istinadən məlumat verib.
Bildirilir ki, Arkansasda “Tier 1” təhlükəsizlik şirkəti Dövlət Departamenti tərəfindən təsdiqlənmiş müqavilə çərçivəsində dörd səudiyyəliyə atəş, hücumlara qarşı mübarizə və Səudiyyə Ərəbistanının liderləri üçün etibarlı təhlükəsizlik təmin etmə təlimləri verib.
Təlimlə tanış olan mənbə, səudiyyəlilərin nəzarət və yaxın döyüş texnikalarını öyrəndiyini söyləyib.
Qeyd edək ki, 2018-ci il oktyabrında Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının Baş Konsulluğuna nikah məsələlərini həll etmək üçün girən səudiyyəli jurnalist Camal Kaşıkçıdan bir daha xəbər alınmamışdı. Onun Səudiyyə Ərəbistanından gələn xüsusi bir dəstə tərəfindən qəddarcasına - doğranaraq öldürüldüyü məlum olmuşdu.
Sonradan cinayətkarlar həbs olundu. Onlardan beşi edam edildi, üçü isə 24 il müddətinə azadlıqdan məhrum edildi.