Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında keçirilən görüşün ilkin nəticələri məlum olub.
“RİA Novosti” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin görüş sonrası mətbuat konfransı zamanı amerikalı həmkarı ilə apardığı danışıqlar barədə ilk təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, danışıqlar yaxşı keçib.
Dövlət başçısı bəyan edib ki, söhbət zamanı Ukrayna məsələsi ötəri şəkildə müzakirə olunub. Bayden bölgədəki münaqişənin Minks sazişinə uyğun şəkildə həlli ilə razılaşıb.
Görüşdə ABŞ və Rusiya səfirlərinin öz iş yerlərinə qayıtmaları və vəzifələrinin icrasını bərpa etmələri barədə qərar qəbul olunub.
Putin qeyd edib ki, tərəflər qlobal strateji sabitlik barədə danışıqları davam etdirmək barədə qətiyyətli mövqe ifadə ediblər.
Həmçinin, danışıqlar zamanı kibertəhlükəsizlik üzrə məsləhətləşmələrə başlanılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, artıq ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı da dərc edilib. Bəyanatda bildirilib ki, hər iki ölkə heç bir qalibin olmayacağı nüvə müharibəsinə yol verməmək prinsipinə sadiqliyini təsdiq edir.
Sənəddə yaxın zamanlarda strateji sabitlik üzrə ikitərəfli dialoqun başlanacağı da öz əksini tapıb.