44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq şansından istifadə etmədiyini bildirib.
Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ambarsumyan Yerevanda Təhlükəsizlik Şurasının ötən il oktyabrın 19-da keçirilmiş iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini deyib.
"Təhlükəsizlik Şurasının iclasında həm Onik Qasparyan (o zamankı Baş qərargah rəisi), həm David Tonoyan (müdafiə naziri) Nikol Paşinyana məruzə etdilər ki, şansımız yoxdur və biz uduzuruq. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi, o, Qarabağ ermənilərinin taleyi barədə həyacanlı çıxış etdi",-Ambarsumyan bildirib.
M.Ambarsumyan qeyd edir ki, həmin vaxt Şuşa və "Hadrutun yarısı" onların əlində idi. O, iclasda Paşinyanın döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyi barədə heç nə danışmamasından təəcübləndiyini deyir. Bildirir ki, həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi.