Koronavirus təhlükəsi ilə əlaqədar qadınların gözətrafı makiyajdan müvəqqəti imtina etməsi məsləhətdir.
“Hürriyet”in məlumatına görə, bu barədə Türkiyə Oftalmologiya Dərnəyi açıqlama verib.
“Əlimizlə göz və üz təmasını minimuma endirməliyik. Xüsusilə, qadınların gözətrafı makiyajları bu dövrdə risklidir”.
Açıqlamada bildirilir ki, COVID-19 epidemiyasında gözlər ən vacib yoluxma mənbələrindən biridir. Bu səbəbdən görmə orqanının gigiyenasına xüsusi diqqət edilməlidir.
Qurum həmçinin makiyaj vəsaitələrinin ortaq istifadəsindən çəkinməyin zəruriliyini vurğulayıb:
“Ümumi istifadə həmişə risklidir. Makiyajınızı steril şəraitdə istifadə edin, əvvəlcədən əllərinizi yuyun. Köhnə və ya uzun müddət istifadə olunmayan makiyaj materiallarını atın, çünki bakterial risklərə səbəb ola bilər. Bu müddət ərzində kirpiklərinizə maye makiyaj vurmayın. Göz qələmi, qaş qələmi, sürmə kimi vasitələrdən çox diqqətlə istifadə edin. Ümumiyyətlə, yaxşı olar ki, bir müddət göz və gözətrafı makiyajdan çəkinilsin. Bu dövrdə süni kirpiklərdən istifadə etməyin. Kontakt linzalardan istifadə edirsinizsə, əvvəlcə linzaları taxın və sonra makiyaj edin. Həmçinin əvvəlcə makiyajınızı təmizləyin, sonra kontakt linzaları çıxarın. Linzaya toxunmazdan əvvəl mütləq əllərinizi yuyun”.