Belçikada metroda yoluxucu xəstəliyi yaymağa çalışan şəxsin sosial şəbəkələrdə videogörüntüsü yayılıb.
"Report" RT-yə istinadən xəbər verir ki, hadisə paytaxt Brüssel şəhərində qeydə alınıb.
Belə ki, metroda sərnişinlərdən biri maskasını aşağı endirərək barmaqlarını ağzına salıb və tüpürcəkli əllərini tutacaqlara sürtüb.
Görüntü sosial şəbəkədə yayıldıqdan sonra qatarın hərəkəti dayandırılıb, bütün vaqonlar dezinfeksiya edilib, həmin şəxs isə polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.