Uzun fasilədən sonra yenidən böyük ekranlara qayıdan 85 yaşlı Sofi Lorenin baş rolda çəkildiyi “Həyat qabaqdadır” adlı film “Netflix” platformunda nümayiş olunacaq.
“Report” xəbər verir ki, məşhur aktrisanın oğlu Eduardo Ponti tərəfindən quruluş verilən film yəhudiəsilli fransız yazıçı, rejissor, diplomat Romen Aqarinin eyniadlı əsərinin motivləri əsasında çəkilib.
Filmin süjetinə görə, Sofi Lorenin qəhrəmanı madam Roza Xolokostdan sağ çıxaraq uşaq sığınacağında tərbiyəçi işləyir. Bir gün həmin sığınacağa 12 yaşlı seneqallı Momo gəlir və filmin yaradıcılarının təbirincə desək, həmin gündən iki tənha insan bir-birinə arxa durur.
Nümayişə nə vaxt çıxacağı hələlik bilinməyən filmin əvvəlcə beynəlxalq festivalda təqdim olunacağı istisna edilmir.