Almaniyada fevralın 9-dan davam edən “Sabina” qasırğası həyatı iflic edib.
Ölkənin Şimali Reyn Vestfaliya (NRW) Əyalətinin Dаxili İşlər Nаzirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, qasırğa səbəbi ilə magistrallarda qəzaların sayı artıb. Təbii hadisə səbəbi ilə aşan ağır tonnajlı yük avtomobillərinin təxliyəsi zamanı ölkə üçün əhəmiyyətli “A3” avtobanında nəqliyyatın hərəkəti 4 saat müddətinə dayanıb.
Almaniya Dəmir Yollarından “Report”a verilən məlumatda qeyd olunub ki, fevralın 9-u axşam saatlarından 10-u səhər saatlarına kimi planlaşdırılan uzun məsafəli qatar reysləri təxirə salınıb.
“Küləyin sürətinin artması daxili reyslərə də təsir edib. Ancaq xüsusi xilasetmə briqadaları problemli ərazilərdə işlədiyindən qısa zamanda qatarların hərəkəti gecikmə ilə olsa da, bərpa edilib. Hazırda hər iki saatdan bir texniki heyətimizdən ibarət briqada xüsusi qatarla qısa məsafələrə kəşfiyyat xarakterli səfərlər edir. Qasırğa səbəbindən qrafik üzrə mövcud səfərlərdə gecikmələr və təxirəsalınmalar olduğundan, sərnişinlərin fevralın 8-də aldıqları bütün biletlər fevralın 18-ə kimi qüvvədə olacaq”- deyə Almaniya Dəmir Yollarından bildirilib.
Qasırğa əyalətdə fərdi yaşayış evlərinə də böyük ziyan vurub. Ağaclar kökündən qoparaq, evlərin və avtomobillərin üzərinə aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Mağaza və marketlərin çoxu bağlanıb, məktəblilər 3 günlük tətilə buraxılıb.
Sürəti saatda 130 km/s-a çatan “Sabina”qasırğasının Şimali Reyn Vestfaliya əyalətində fevralın 11-i günorta saatlarına qədər güclü olacağı proqnozlaşdırılır.