Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Turab Piriyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Median.Az-ın report-a istinadən xəbərinə görə, hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, T.Piriyevin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş T.Piriyev 2015-ci ildə Y.Hüseynovanın övladlığı T.Hüseynovun Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olan işi üzrə məhkəmə istintaqını aparan vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərə veriləcək rüşvətin müqabilində onun cəzasını yüngülləşdirəcəyinin mümkün olacağını bildirib, qadından 10 min manat pul alıb.
Bundan başqa o, Y.Hüseynovanı dəri-zöhrəvi xəstəliyi ilə əlaqədar təqaüd alacağı və müvafiq sənədləşmə işlərini qaydasına qoyacağına dair söz verib, həmin ilin avqust ayında qadının 2500 manat məbləğində pulunu ələ keçirib.
Həmçinin T.Piriyev G.Tağıyevanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkən oğlunu aylıq təqaüdünün artırılmasına dair söz verərək, 2016-cı ilin avqust ayında ondan 800 manat pul alıb.
Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə T.Piriyevin şikayəti təmin edilməyib.