Tailandda rusiyalı kişiyə oğlunu öldürdüyünə görə ölüm cəzası verilə bilər.
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, faciə Surin adalarının sularında baş verib. Ekskursiya səfəri həyata keçirən katerin göyərtəsində 30 sərnişin olub və onların arasında 45 yaşlı Rusiya vətəndaşı Artyom və onun 13 yaşlı oğlu Lukas da olub.
Kişi qəfildən oğlunun ayaqlarından tutaraq onu katerdən suya atıb. Kapitan dərhal dayanıb və digər sərnişinlərlə birlikdə yeniyetməni göyərtəyə qaldırıblar. Lakin katerin pərvanəsi oğlanın başını zədələyib. Zərərçəkmiş quruya gətirilib və təcili olaraq xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Artyomun tanışları onun yerli qadınla münasibətdə olduğunu və oğlunun da məhz o qadından olduğunu bildiriblər. Oğlan Tailand vətəndaşı olub.
Bəzi şahidlərin sözlərinə görə, Artyom oğlunu öldürmək niyyətində olmayıb, sadəcə zarafat etmək istəyib. Onu suya atıb ki, özü üzərək sahilə çıxsın, sahilə isə təxminən 200 metr qalıbmış.
Artyom həbs edilib və ona qarşı qəsdən adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb. Maksimum cəza isə ölüm hökmü və ya ömürlük həbsdir.
Araşdırma davam edir.