Fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələ ilə bağlı Ağsu Rayon Fövqəladə Hallar Komissiyasına müraciətlər daxil olmaqdadır.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə komissiyadan məlumat verilib.
Məlumatda bildirilir ki, bu günə qədər komissiyaya 485 müraciət daxil olub: "Daxil olan müraciətlərə əsasən 350 evə baxış keçirilib. Həmin evlərdən 91-i şəhərdə, 259-u isə kəndlərdədir. Zəlzələ nəticəsində 47 ev daha çox ziyan çəkib ki, həmin evlərin 44-ü sürüşmə zonasında yerləşən ərazilərdədir. Bu evlərin bəziləri sürüşmə zonasında olduğundan həmin evlərdə çatlar əmələ gəlib. Hazırda komissiya araşdırmaları davam etdirir".
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.