Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.
Bu barədə oxu.az-a DİM-dən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin şəxslər imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.
“Məsələn, “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “İngilis dili müəllimləri üçün imtahana hazırlıq” adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7 - 10 manata) qrup üzvlərinə satırlar.
“Facebook”da fəaliyyət göstərən “Salamzade’s English” adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün “apk” formatlı mobil proqram yerləşdirilmiş, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən, internet saytımızda pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib.
DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib.
Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.
Belə insanların nəzərinə bir daha çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.
İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edirik ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər”, - deyə məlumatda qeyd olunub.