Daxili İşlər Nazirliyi iki aydır küçədə yaşadığını iddia edən uşaq barədə məsələyə münasibət bildirilib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-a açıqlamasında bildirib ki, uşağın psixoloji problemləri var:
“Ona görə müəyyən şeyləri yanlış deyir. Danışığında da. diqqət etsəniz, qüsurlar hiss olunur. Uşaq Qazax rayonundan olduğunu desə də, bizdə olan məlumata görə, Yevlax rayon sakinidir. Həmin uşaq 2015-ci ildən dəfələrlə polis əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduğuna görə saxlanılıb və sığınacağa təhvil verilib.
Orada yerləşən başqa uşaqlara qarşı davranışı aqressiv olub. Oradakı işçiləri, uşaqları aldadaraq, müəyyən bəhanə ilə oranı tərk edib, qaçır. Sonuncu dəfə sığınacağa 15 gün əvvəl yerləşdirilib”.
Orxan Mansurzadə qeyd edib ki, uşaq sonuncu dəfə qaçmaq istəyən zaman sığınacağın işçisini aldadaraq, onu paytaxtın müəyyən istiqamətində yaşayan ailəsinin yanına aparmasını istəyib:
“Orada işçini aldadıb və qaçıb. Doqquz yaşı olsa da, özünə nə sərf edirsə, onu da danışır. Sığınacağa özündən iki yaş böyük bacısı da yerləşdirilib. Psixoloji problemləri olduğundan öz bacısı ilə yola getmir. İki aydır küçədə yaşadığını deməsi həqiqəti əks etdirmir.
Ailəsi qaraçı (Roman tayfalarına məxsus şəxslər nəzərdə tutulur - red.) olduğundan diləndirilir. Üç ildir polisin qeydiyyatındadır. Sonuncu dəfə polis tərəfindən müəyyən edilib və “Azərbaycan Uşaqlar Birliyi”nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.