Məlum olduğu kimi, nazir Oqtay Şirəliyev Səbail rayonunda qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan istifadə etməyib. Məsələ ilə bağlı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev mətbuata açıqlamasında Oqtay Şirəliyevə belə bir arayışın verilmədiyini bildirib: “Oqtay Şirəliyev səsvermədə iştirak etməyib. O, bizdən çıxarış almadan nə ölkə daxilində, nə də xaricində səs verə bilməz. Başqa yerdə səs veməsini kimsə bildiribsə, yalandır. Bizdən çıxarış (arayış) almadan, belə bir şey ola bilməz. Mən də belə bir arayış verməmişəm.”
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə “Bizim Yol”a açıqlamasında nazir Oqtay Şirəliyevin Prezident seçkilərində iştirak etdiyini, nazirin 7 saylı məntəqədə deyil, 6 saylı məntəqədə səs verdiyini bildirib: “Yayılan məlumat yalandır. Cənab nazir səs verib. O, 6 saylı məntəqədə, səhər saat 08:30 da səs verib. Bir azdan sizə həmin görüntüləri də verəcəm”.
Ancaq bu məlumat da yalan çıxıb. Məsələ ilə bağlı unikal.org 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri Rüfət Həsənovla əlaqə saxlayıb. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev 6 saylı məntəqədə də səs verməyib: “Oqtay müəllim burda səs verməyib. Çünki o, burada səs vermək üçün 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsindən çıxarış almalıydı. Oqtay müəllim də bizə belə bir çıxarış təqdim etməyib. Ona görə də nazir 6 saylı seçki məntəqəsində səs verə bilməz”.
Daha sonra bu açıqlamalar əsasında “Bizim Yol” yenidən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxlasa da, o telefonlara cavab verməyib. Halbuki, o, bundan əvvəl bu barədə geniş danışacaqlarını, hətta görüntülər yayacaqlarını bildirmişdi.