Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ("morq”) 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.
Hadisəylə bağlı ölkə başçısı İlham Əliyevin göstərişi ilə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.
Sözügedən hadisə dünya mediasının da nəzərindən kənarda qalmayıb.
Median.Az xəbər verir ki, dünyanın nüfuzlu media quruluşları baş verən yanğını xəbərləşdiriblər.
BBC hadisəni "Azərbaycanda yanğın: 24 nəfər həlak oldu” başlığı ilə yayımlayıb. Nüfuzlu xəbər agentliyi hadisə haqqında daha geniş məlumat çatdırılacağı haqqında anons da yayımlayıb.
Türkiyənin "Anadolu Agentliyi” "Azərbaycanda yanğın: 30 nəfər həyatını itirdi” başlığı ilə xəbər dərc edib.
Qardaş ölkənin digər məşhur qəzeti "Milliyet” qəzeti də eyni başlıqla xəbəri dərc edib.
Rusiyanın "İTAR-TASS” agentliyi isə yanğından sonra İlham Əliyevin tapşırıq verdiyi haqqında geniş məlumat dərc edib.
Mənbə: azxeber.com