Gün ərzində tamaşaçılara sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim ediləcək
Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla əlaqədar "Space" Müstəqil Televiziya və Radio Şirkəti özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib.
Bu barədə Sputnik Azərbaycan-a telekanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün məlumat verib. O bildirib ki, telekanal gün ərzində tamaşaçılara sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim edəcək.
Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.