"Google" "Gemini" çatbotunda yenilik tətbiq edib
Bu barədə "The Decoder" nəşri məlumat yayıb.
Yenilik sayəsində birbaşa çat daxilində məlumatları tənzimləmək, 3D obyektləri çevirmək və məlumatları ətraflı təhlil etmək mümkündür. Şirkətdən bildirilib ki, bu alət mürəkkəb məsələləri və sualları daha dərindən anlamaq məqsədi daşıyır.
Bu yeni funksiyadan istifadə etmək üçün "Pro" modelini aktivləşdirmək lazımdır. Bundan sonra "mənə göstər" və ya "vizuallaşdırmağa kömək et" tipli əmrlər daxil edərək istənilən mövzuda görüntülər yaratmaq və onları tələblərə uyğun formaya salmaq olar.
Qeyd edək ki, "Anthropic" şirkəti də daha əvvəl özünün "Claude" çatbotu üçün bənzər funksiyanı istifadəyə vermişdi. Martın ortalarından etibarən həmin xidmət həm istifadəçi sorğusu əsasında, həm də süni intellekt modelinin öz təşəbbüsü ilə çatda interaktiv qrafiklər və diaqramlar qura bilir.