Beş güləşçimiz Avropa Gənclər Olimpiya Festivalının finalında - YENİLƏNİB
Mircavad Nəbiyevin ilk görüşdə uduzduğu rəqibi finala çıxdığından, idmançımızın bürünc medal qazanmaq şansı yaranıb.
O, təsəlliverici yarışda türkiyəli Şükrü Körpəni 10:0 hesabı ilə məğlub edib. O, bürünc medal uğrunda isveçrəli Tomas Fişerlə qarşılaşacaq.
Sabir Cəfərov bolqar rəqibini 5:1 məğlub edib. Onun finaldakı rəqibi rusiyalı Fyodor Baltuyev olacaq.
Qurban Qurbanov belaruslu rəqibini 5:0 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi gürcüstanlı Xviça Abuladzedir.
Həsrət Cəfərov yarımfinalda italiyalı Andrea Settini 6:0 hesabı ilə yenib. Onun finaldakı rəqibi rusiyalı Məhəmməd Qiqiyevdir.
Gültəkin Şirinova fransalı rəqibini 10:3 hesabı ilə məğlub edib. Onun həlledici görüşdəki rəqibi rumıniyalı Georgiana-Lavinia Antuke olacaq.
Mərziyə Sadıqova türkiyəli rəqibini 1:0 hesabı ilə məyus edib. Onun finaldakı rəqibi italiyalı Aurora Russodur.
Qeyd edək ki, bürünc medal və final görüşləri bu gün saat 16:00-dan etibarən start götürəcək.
* * * * *
Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.
İkinci yarış günündə yeddi çəkidə (dörd oğlan, üç qız) mübarizə baş tutur.
Sərbəst güləşdə Mircavad Nəbiyev (-48 kq) Rusiya yığmasının üzvü ilə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. 6:6 hesabı ilə başa çatan görüşdə son xalı rusiyalı idmançı qazandığı üçün qələbə ona verilib.
Sabir Cəfərov (-60 kq) ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl (10:0) qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib – 12:1. O, yarımfinalda bolqarıstanlı İvan Stoyanovla qarşılaşacaq.
Yunan-Roma güləşində isə Qurban Qurbanov (-48 kq) da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib – 8:0. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib (10:0). İdmançımız yarımfinalda belaruslu Maksim Stupakeviçlə yarışacaq.
Həsrət Cəfərov (-60 kq) əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib – 12:0. O, 1/4 finalda belaruslu Mikita Muraşkaya 13:5 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qadın güləşçilərimizdən Gültəkin Şirinova (-46 kq) 1/8 finalda Finlandiya təmsilçisini 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarus idmançısını da 6:1 hesabı ilə devirərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi fransalı Fanni Viqurodur.
Lalə Mirzəyeva (-49 kq) debütdə Moldova güləşçisi ilə bacarmayıb – 2:8.
Mərziyə Sadıqova (-61 kq) ilk görüşdə Ukrayna idmançısından güclü olub – 6:3. Daha sonra Rusiya güləşçisi ilə gərgin mübarizədən qalib ayrılan (1:1) Mərziyə yarımfinala yüksəlib. Onun finala çıxmaq uğrunda rəqibi türkiyəli Elmas Çəlikdir.
/oxu.az/