"Uğultu qopdu, alov yüksəldi, səmanı qatı tüstü bürüdü" - Hadisə yerindən - FOTO+VİDEO
Paşayev qeyd etdi ki, aprelin 22-də vulkan iki dəfə püskürüb: "Baş verən püskürmə 2 fazadan ibarət olub və 2 fərqli palçıq vulkanı boğazından püskürmə məhsulları xaric olunub. Onlardan biri məhsuldar qatın neftli-qum daşları, digəri isə gil qatı xaric edib".
"Püskürmə 07:00 radələrində çox güclü uğultu səsi ilə müşayiət olunub, sonra havaya alov sütunu qalxıb. İlk saniyələrdə alovun hündürlüyü 400 metrdən çox olub. Daha sonra isə palçıq vulkanının kraterinin üzərində hündürlüyü bir neçə kilometrə çatan qatı tüstü buludu əmələ gəlib. Təxminən 10-15 dəqiqə davam edən bu proses getdikcə səngiyib", – deyə Paşayev əlavə etdi.
Paşayevin sözlərinə görə, alov sütunu tamamilə söndükdən sonra Dövlət Təbiət Qoruğunun əməkdaşları palçıq vulkanının üzərində ilkin müşahidələr həyata keçiriblər. Müəyyən edilib ki, palçıq vulkanının kraterində iki fərqli istiqamətlərə və fərqli həcmdə püskürmə məhsulları yayılıb.
"Ərazidə təhlükəli vəziyyət olduğundan palçıq vulkanının xaric etdiyi püskürmə məhsullarının yayıldığı sahənin və onun həcminin hesablanması, o cümlədən yer səthinə çıxmış süxurların müəyyən olunması 23 aprel tarixində həyata keçirilib. Püskürmə məsullarının yayıldığı sahələrin uc nöqtələrinin koordinatları götürülüb. Xüsusi GİS proqramı vasitəsilə həmin tullantıların həcmi və sahəsi hesablanacaq", — deyə direktor qeyd etdi.
Müsahibimiz onu da vurğuladı ki, vulkan püskürməsinin təbiət, fauna, flora və insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur: "Vulkan torpağın alt qatında olan maddələrdir ki, qaynayıb üzə çıxır. Püskürmə zamanı ərazidə temperatur qalxır. Bunu şəkillərə baxanda da müşahidə etmək mümkündür. Vulkan püskürməsi zamanı sadəcə lavanın axdığı ərazilər zərər görür. Onun insan sağlamlığı və ya təbiət üçün heç bir xüsusi zərəri yoxdur".
Torağay palçıq vulkanının püskürməsi ilə bağlı sorğumuza Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan da cavab verilib. Bildirilib ki, GGİ-nin "Palçıq vulkanizmi" şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər.
Qeyd olunub ki, hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.
GGİ-dən vulkanın aktivləşmə səbəbinə də aydınlıq gətirilib: "Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir".
