Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA

23.11.2026 13:04 159
Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA
Dünya bazarında qızılın qiymətində müşahidə olunan eniş qiymətli metalın yerli bazardakı dəyərinə və alıcılıq qabiliyyətinə təsiri məsələsini gündəmə gətirir. Beynəlxalq birjalarda qızılın ucuzlaşması Azərbaycanda da qızıl məmulatlarının qiymətlərinə təsir edə bilər. Lakin yerli bazarda qiymətlərin formalaşmasında valyuta məzənnəsi, idxal xərcləri, zərgərlik məmulatlarının hazırlanma və satış xərcləri də mühüm rol oynayır.

Dünya bazarında qızılın qiymətinin aşağı düşməsi Azərbaycanda qızıl məmulatlarının satış qiymətlərinə nə dərəcədə təsir göstərə bilər?

Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, qızıla investisiya qoyuluşunun müxtəlif formaları var:
“Buraya qızıl külçələri, sikkələr, qızıl səhmləri və qızılla bağlı digər investisiya alətləri daxildir. Dünya bazarında qızılın qiyməti ucuzlaşdıqda, Azərbaycanda da bu investisiya alətlərinin qiymətində müvafiq dəyişiklik müşahidə olunur. Çünki qızıl külçələrinin və sikkələrinin maya dəyərinin əsas hissəsini qızılın özü təşkil edir. Lakin zərgərlik məmulatlarında vəziyyət fərqlidir. Belə məhsulların qiymətinə yalnız qızılın dəyəri deyil, həm də ustanın əməyinin haqqı, mağazanın icarə xərcləri və digər əlavə məsrəflər təsir göstərir. Bundan başqa, zərgərlik məmulatlarının hazırlanmasında brilyant, yaqut, mirvari kimi qiymətli daşlardan istifadə olunur. Məhsulun dizaynı, hazırlanma keyfiyyəti və estetik dəyəri də onun qiymətində mühüm rol oynayır”.
O qeyd edib ki, bu səbəbdən dünya bazarında qızılın qiyməti azaldıqda, ucuzlaşma külçə, sikkə və digər investisiya alətlərində daha tez və birbaşa hiss olunur:
“Zərgərlik məmulatlarında isə qızıl ümumi maya dəyərinin yalnız bir hissəsini təşkil etdiyindən qiymət azalması eyni həcmdə və dərhal müşahidə edilmir. Bu dəyişikliklər müəyyən müddətdən sonra və daha məhdud şəkildə özünü göstərə bilər. İnvestisiya qərarına gəlincə, kiminsə qızılın ucuzlaşmasını gözləyərək alış etməsini və ya indiki qiymətlərlə investisiya yatırmasını tövsiyə edə bilmərəm. Hər kəs bazardakı riskləri özü qiymətləndirməli və qərarını buna uyğun verməlidir. Bu, fərdi investisiya qərarıdır və konkret tövsiyə vermək düzgün olmaz”.

Son xəbərlər