Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama
Hərbi xidmət zamanı xəsarət və ya sağlamlıqla bağlı digər zərər yarandıqda hadisənin rəsmiləşdirilməsi, tibbi qiymətləndirilməsi və hüquqi nəticələrinin müəyyənləşdirilməsi vacibdir. Belə hallarda kompensasiya, müavinət və digər təminat hüquqları hadisənin şəraitindən və qüvvədə olan qanunvericilikdən asılı olur.
Bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli Median.Az-a açıqlamasında deyib ki, hərbi qulluqçuların xidmət zamanı xəsarət alması və bununla bağlı təminat məsələləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir:
Bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli Median.Az-a açıqlamasında deyib ki, hərbi qulluqçuların xidmət zamanı xəsarət alması və bununla bağlı təminat məsələləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir:
“Bu sahədə əsas hüquqi baza “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, eləcə də hərbi xidmətkeçmə və hərbi qulluqçuların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı normativ hüquqi aktlardır. Qanunvericilikdə hərbi qulluqçular üçün nəzərdə tutulan təminatlara xəsarət alan şəxslərə kompensasiya ödənilməsi, dövlət tərəfindən birdəfəlik sığorta ödənişlərinin verilməsi, əlillik müəyyən edildiyi halda sosial müavinət və ya pensiya təyin olunması, həmçinin müalicə və digər sosial təminatlar daxildir. Bu ödənişlərin həcmi və tətbiq qaydası hərbi qulluqçunun xidmət zamanı aldığı xəsarətin xarakterindən, sağlamlığına dəymiş zərərin dərəcəsindən və əlilliyin müəyyən edilib-edilməməsindən asılıdır. Prosesin ilkin mərhələsində baş vermiş hadisə rəsmiləşdirilir və müvafiq qaydada aktlaşdırılır. Bu zaman hərbi qulluqçunun xidmət etdiyi hərbi hissənin aidiyyəti strukturları, o cümlədən tibb və hüquq xidmətləri hadisənin araşdırılmasında iştirak edir. Daha sonra müalicə prosesi həyata keçirilir və zəruri tibbi sənədləşmə müvafiq tibb müəssisələri tərəfindən aparılır”.
O qeyd edilib ki, əlilliyin müəyyən edilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilir:“Sığorta və digər kompensasiya ödənişlərinin təyin olunması da qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunan sənədlər və tibbi qiymətləndirmənin nəticələri əsasında aparılır. Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılsa da, mövcud mexanizmlərin daha da sadələşdirilməsinə və təminatların əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var. Sizin də toxunduğunuz vacib məqamlardan biri müharibə zamanı xəsarət alan, lakin həmin dövrdə əlillik müəyyən edilməyən hərbi qulluqçuların sonrakı sağlamlıq vəziyyəti ilə bağlıdır. Belə ki, hərbi qulluqçu müharibə zamanı aldığı yara və ya zədə səbəbindən ilkin mərhələdə əlillik meyarlarına uyğun gəlməyə bilər. Lakin həmin xəsarətin fəsadları müəyyən müddətdən sonra üzə çıxa, səhhətində ciddi problemlərə səbəb ola və hətta sonrakı mərhələdə əlilliyə gətirib çıxara bilər. Bu halda əsas çətinlik həmin sağlamlıq problemlərinin məhz hərbi xidmət və ya müharibə zamanı alınmış xəsarətlə əlaqəsinin müəyyənləşdirilməsidir. Çünki ilkin mərhələdə əlillik qeydə alınmadığı üçün sonradan yaranan fəsadların həmin xəsarətlə əlaqəsi məsələsi hüquqi baxımdan mürəkkəbləşə bilər. Bu məsələ qanunvericilikdə ayrıca və daha əhatəli şəkildə tənzimlənməlidir. Hərbi qulluqçunun xidmət dövründə aldığı xəsarətin onun sonrakı həyatında sağlamlığına necə təsir göstərdiyi müəyyən edilməli, zərurət yarandıqda bu əlaqənin qiymətləndirilməsi üçün müvafiq mexanizm yaradılmalıdır. Belə şəxslərin sonrakı illərdə ortaya çıxan sağlamlıq problemlərinin vaxtilə aldıqları xəsarətlə əlaqəsi araşdırılmalı və onların sosial təminat hüquqları nəzərə alınmalıdır”.
