Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI
Mənzillərin kirayə bazarında sentyabr ayında müşahidə olunan qiymət artımından sonra oktyabrda müəyyən ucuzlaşma qeydə alınıb. Xüsusilə yeni və köhnə tikililərdə kirayə haqları aylıq 1,8 faiz azalıb. Fərdi yaşayış evlərinin kirayə bazarında isə daha kəskin azalma müşahidə olunub. Bəs kirayə qiymətlərindəki bu geriləmə mövsümi amillərlə bağlıdır, yoxsa bazarda ümumi ucuzlaşma tendensiyası formalaşır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, "Proxima Group"un direktoru Orxan Əli Median.Az-a açıqlamasında bildirib ki, oktyabr ayında kirayə mənzil bazarında müşahidə olunan cüzi qiymət dəyişikliklərini ucuzlaşma kimi təqdim etmək düzgün deyil. Onun sözlərinə görə, ümumilikdə kirayə seqmentində qiymətlər yüksək səviyyədə qalır və bazarda əsas tendensiya qiymətlərin sabitləşməsidir:

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, "Proxima Group"un direktoru Orxan Əli Median.Az-a açıqlamasında bildirib ki, oktyabr ayında kirayə mənzil bazarında müşahidə olunan cüzi qiymət dəyişikliklərini ucuzlaşma kimi təqdim etmək düzgün deyil. Onun sözlərinə görə, ümumilikdə kirayə seqmentində qiymətlər yüksək səviyyədə qalır və bazarda əsas tendensiya qiymətlərin sabitləşməsidir:
"Adətən avqust və sentyabr ayları kirayə mənzil bazarında aktivliyin yüksəldiyi dövr hesab olunur. Əvvəlki illərdən fərqli olaraq, cari ildə artımdan sonra qiymətlərdə kəskin dəyişiklik baş verməyib və bazarda müəyyən sabitlik qorunub. Bunun əsas səbəblərindən biri kirayə mənzil təklifinin məhdud olmasıdır. Bazara müraciət edən şəxslər uyğun qiymətə və tələblərinə cavab verən mənzil tapmaqda çətinlik çəkirlər. Belə şəraitdə qiymətlərin aşağı düşməsi üçün ciddi əsaslar formalaşmır. Biz sentyabr ayında tələbələrin mənzil axtarışı ilə əlaqədar kirayə bazarında müəyyən qiymət artımı müşahidə etdik. Oktyabrda isə bu aktivlik nisbətən səngidi və qiymətlər sabitləşdi. Bunu ucuzlaşma kimi qiymətləndirmək doğru deyil. Çünki bazarda mənzil təklifi hələ də məhduddur, kirayə mənzil axtaranların sayı isə kifayət qədər yüksəkdir. Ayrı-ayrı mənzillərdə və ərazilərdə qiymət endirimləri ola bilər, lakin bu, bütövlükdə kirayə bazarında ucuzlaşma demək deyil”, – deyə Orxan Əli bildirib.
AQC rəsmisinin sözlərinə görə, kirayə seqmentinə tələbat artıq yalnız yaşayış ehtiyacları ilə məhdudlaşmır:
“Bu bazar biznes fəaliyyəti və investisiya maraqları baxımından da aktuallaşır. Xüsusilə daşınmaz əmlakın icarəyə verilməsinin iqtisadi fəaliyyət kimi genişlənməsi kirayə bazarının əhəmiyyətini artırır. Bu istiqamətdə vergi siyasətində atılan addımlar da diqqət çəkir. Belə ki, fiziki şəxslərin yaşayış sahələrini kirayəyə verməsindən əldə olunan gəlirlər üzrə ödəmə mənbəyində tutulan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi icarə fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş addımlardan biridir. Bakı şəhərində həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri də kirayə bazarına uzunmüddətli təsir göstərən amillərdəndir. Paytaxtın urbanistik prinsiplər əsasında yenidən təşkili, köhnə yaşayış binalarının sökülməsi və həmin binalarda yaşayan sakinlərin yeni mənzillərlə təmin olunana qədər kirayə mənzil bazarına müraciət etməsi bu seqmentdə tələbatı qoruyub saxlayır. Bu proseslər kirayə bazarının yalnız mövsümi deyil, həm də struktur xarakterli tələblə üzləşdiyini göstərir. Digər tərəfdən, daşınmaz əmlakın satış qiymətlərində artım, tikinti materiallarının və tikinti sahəsində işçi qüvvəsinin qiymətinin yüksəlməsi də kirayə bazarına təsirsiz ötüşmür. Mənzilin əldə edilməsi və saxlanılması xərcləri artırsa, bu şəraitdə kirayə qiymətlərinin ümumi bazar üzrə davamlı şəkildə ucuzlaşmasını gözləmək iqtisadi baxımdan əsaslı deyil. Əksinə, bu amillər kirayə haqlarının mövcud səviyyəsini qorumasına və uzunmüddətli perspektivdə artmasına zəmin yaradır”.
AQC nümayəndəsi əlavə edib ki, kirayə qiymətlərində müəyyən ərazilər və mənzil kateqoriyaları üzrə azalmalar mümkündür. Lakin belə dəyişiklikləri bütün bazara şamil etmək olmaz. Ümumi tendensiya təklifin məhdudluğu, tələbin davamlılığı və daşınmaz əmlak sektorunda artan xərclər fonunda qiymətlərin sabit qalması, bəzi seqmentlərdə isə yüksəlməsi istiqamətindədir. Bu baxımdan, kirayə mənzil bazarında ümumi ucuzlaşma barədə qənaətlər mövcud bazar reallığını tam əks etdirmir.
