Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr

17.09.2026 19:50 372
Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr
Yeni tədris ilinin başlaması ilə uşaqların gündəlik rejimi də dəyişir. Məktəbdən sonra əlavə hazırlıq, dil kursları, musiqi və idman məşğələləri onların gününü daha da sıxlaşdırır. Bəzi hallarda valideynlər bütün bunları uşağın inkişafı və gələcək uğuru üçün vacib hesab edirlər. Lakin uşaq səhər məktəbə gedib axşam saat 6-7-də evə qayıdırsa, onun istirahətə, oyuna və ailəsi ilə vaxt keçirməyə nə qədər imkanı qalır? İnkişaf üçün faydalı hesab edilən əlavə məşğələlər hansı məqamda uşaq üçün həddindən artıq yükə çevrilir?

Təhsil eksperti Afərim Seyidova Qaynarinfo-ya açıqlamasında bildirib ki, şagirdlərin dərsdənkənar fəaliyyətlərinin düzgün planlaşdırılması günün aktual məsələlərindən biridir:

“Mən özüm də repetitoram və şagirdlərin dərsdən sonra nə qədər yorulduqlarını görürəm. Burada əsas məsələ balansı qorumaqdır. Şagirdlərə başa salmağa çalışıram ki, dərsdənkənar fəaliyyət yalnız ali məktəb hazırlığı ilə məhdudlaşmır. Rəqs, idman, musiqi və dil kursları da uşağın inkişafına töhfə verə bilər. Lakin bütün bunlarla məşğul olarkən balansı qorumaq vacibdir. Şagird vaxtını düzgün bölməli və özünə uyğun rejim qurmalıdır. Valideynlərin və müəllimlərin də bu məsələdə böyük rolu var”.

Ekspertin sözlərinə görə, şagird gündəlik həyatını düzgün planlaşdırdıqda və məşğuliyyətlərini psixoloji və emosional yükə çevirmədikdə əlavə fəaliyyətlər həddindən artıq yorğunluğa səbəb olmur:

“Bəzi şagirdlər isə bu məsələyə məqsədsiz yanaşırlar. Məsələn, həm ali məktəbə hazırlaşmaq, həm də SAT kurslarına getmək istəyirlər. Burada müəyyən məqsəd və istiqamət olmalıdır. Şagird hansı yolu seçəcəyini əvvəlcədən müəyyənləşdirməlidir”.

Afərim Seyidova qeyd edib ki, xüsusilə yuxarı sinif şagirdləri gələcək təhsil istiqamətlərini əvvəlcədən müəyyənləşdirməlidirlər:

“Məsələn, 10-cu və 11-ci sinifdə oxuyan şagird düşünməlidir ki, xaricdə təhsil almaq istəyir, yoxsa Azərbaycanda. Bundan sonra qarşısına qoyduğu məqsədə uyğun olaraq hansı hazırlığın ona daha çox fayda verəcəyini müəyyənləşdirməlidir. Seçdiyi istiqamət üzrə hazırlaşdıqdan və universitetə qəbul olduqdan sonra, məsələn, ikinci və ya üçüncü kursda, yaxud magistratura dövründə dil biliklərini inkişaf etdirə bilər”.

Ekspert hesab edir ki, dil, rəqs, idman və musiqi kimi bacarıqların formalaşdırılmasına daha aşağı siniflərdən başlanması məqsədəuyğundur:

“Məsələn, şagird 9-cu sinfə qədər rəqs, idman və ya musiqi ilə məşğul olub müəyyən bacarıqlar və sertifikatlar əldə edə bilər. Belə olduqda 9, 10 və 11-ci siniflərdə əsas diqqətini ali məktəbə hazırlığa yönəldə bilər. Burada valideyn uşağın marağını da nəzərə almalıdır. Müəllim isə uşağa düzgün istiqamət verməlidir. Məsələn, “Yüksək potensiallı uşaqsan, hüquqa qəbul olmalısan, bunun üçün gecə-gündüz çalışmalısan” kimi yanaşmalar düzgün deyil. İlk növbədə uşağın yuxu rejimi pozulmamalıdır. Yuxusuzluq əsəbilik və davamlı yorğunluq yarada bilər. Nəticədə şagird məşğul olduğu digər fəaliyyətlərdən də yarımçıq qala bilər”.

Afərim Seyidovanın fikrincə, uşağın eyni vaxtda çoxsaylı fəaliyyətlərlə məşğul olması əvəzinə, müəyyən dövrlərdə konkret bacarığın inkişafına fokuslanması daha məqsədəuyğundur:

“Şagird müəyyən dövrdə konkret bir bacarığın inkişafına fokuslana bilər. Məsələn, 6-cı sinifdə oxuyan uşaq 3-4 ay üzgüçülüklə, daha sonra rəsm və ya başqa fəaliyyətlə məşğul ola bilər. Musiqi ilə isə daha uzun müddət məşğul olmaq mümkündür. Əsas məsələ bütün bunların balanslı şəkildə həyata keçirilməsidir. Bunun üçün valideyn və müəllim dəstəyi, eləcə də düzgün qrafik olmalıdır”.

Ekspert vurğulayıb ki, məktəbdən sonrakı vaxt yalnız əlavə məşğələlərə deyil, istirahətə də ayrılmalıdır:

“Məktəbdən sonra şagirdin fəaliyyəti düzgün şəkildə planlaşdırılmalıdır. O, həmçinin səmərəli və keyfiyyətli istirahət etməlidir. Yay tətilində də dil, idman və digər fəaliyyətlərə qoşula bilər. Amma bütün günü məşğələlərlə doldurmaq düzgün deyil. Əsas məqsəd uşağı gələcəkdə sağlam şagird və sağlam tələbə kimi yetişdirməkdir. “Bu il bütün bacarıqlara yiyələnməlisən” yanaşması uşağın üzərində əlavə yük yarada bilər. Şagird getdiyi məşğələlərə həvəslə və motivasiya ilə yanaşmalıdır. Bu zaman həmin fəaliyyətlər yorucu yükə çevrilməyəcək, əksinə, uşaq onlardan zövq alacaq.

Təlimlər düzgün təşkil olunmalı, uşağın inkişafına, motivasiyasına və özünəinamına xidmət etməlidir. Belə olduqda şagird özünü həddindən artıq yorğun hiss etməyəcək, əksinə, evə daha gümrah gələcək və valideynləri ilə asudə vaxt keçirməyə də imkan tapacaq”.

Son xəbərlər