"Kinoyazar" niyə bağlandı? — "Bu, Azərbaycan kinosunun inkişafına vurulan zərbədir" — SORĞU
Ölkədə xəbər və informasiya portallarının sayı kifayət qədər çox olsa da, mədəniyyət, xüsusilə də kino sahəsinə ixtisaslaşan media resurslarının sayı olduqca məhduddur. Belə platformalardan biri də uzun müddətdir kino sahəsində baş verən prosesləri, yerli kino istehsalını, kino xadimlərinin fəaliyyətini və sahənin problemlərini işıqlandıran "Kinoyazar" saytı olub.
Lakin saytın müəllifləri üçün yayılan son açıqlama bu fəaliyyətin dayandırıldığını göstərib. Kinoşünas Aygün Aslanlı sosial şəbəkə hesabında müəlliflərə müraciət edərək artıq məqalə göndərməməyi xahiş edib və saytın fəaliyyətinin dayandırıldığını bildirib.
Mədəniyyət və kino sahəsində ixtisaslaşmış media platformalarının onsuz da az olduğu bir vaxtda "Kinoyazar"ın fəaliyyətini dayandırması diqqət çəkir.
"Kinoyazar"ın fəaliyyətini dayandırması kino ictimaiyyəti üçün nə dərəcədə ciddi itkidir?
Kinoşünasların, kino tənqidçilərinin və araşdırmaçıların yazılarını yayımlaya biləcəkləri platformaların azalması kino tənqidinə necə təsir edə bilər?
Sizcə, Azərbaycanda mədəniyyət mediası niyə xəbər mediası qədər inkişaf etməyib?
Azərbaycanda kino jurnalistikası və kino tənqidinin hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?
Median.Az mövzu ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik:
Əvvəla ümid edirəm ki, AKİ-də sədr seçkilərindən sonra kinoyazar saytı fəaliyyətinə qaldığı yerdən davam edəcək. Bəlkə də Şəfiqə xanım müvəqqəti olaraq dayanma qərarı verib. Çünki kinoyazar saytının fəaliyyətinin dayandırılması kino ictimaiyyəti üçün itkidir. Çünki kinoyazar yerli kino xəbərlərinin, yeni layihələrin və yaradıcı insanların fəaliyyətinin işıqlandırılmasına xidmət edirdi. Xüsusilə kino sahəsində informasiya mübadiləsinin onsuz da məhdud olduğu hazırki dövrdə bu cür resursların azalması ictimai müzakirələrə və kinematoqrafçıların göz önündə olmasına mənfi təsir göstərəcək.
Kinoyazar saytının bağlanması kino tənqidinin və analitik yazıların yayılmamasına səbəb olacaq. Bu da həm peşəkar tənqidçilərin, həm də müstəqil müəlliflərin fikirlərinin auditoriyaya çatmasını çətinləşdirəcək və kinomuz ətrafında sağlam müzakirə mühitini zəiflədəcək.
Məncə, Azərbaycanda kino jurnalistikası və kino tənqidi hazırda bir qədər kölgədə qalan, amma inkişaf potensialı böyük olan sahədir. Əsas problem peşəkar tənqidi yazıların azlığı, ixtisaslaşmış media platformalarının məhdudluğu və bu sahəyə marağın kifayət qədər formalaşmamasıdır. Buna görə mövcud kino resurslarının qorunması və yeni platformaların yaranması çox vacibdir. Ona görə ümidimizi üzməyək ki, sayt birdəfəlik bağlandı.
Azərbaycanda mədəniyyət mediası xəbər mediası qədər inkişaf etməyib. Bunun əsas səbəblərindən biri mədəniyyət mövzusunun daim gündəmdə saxlanılmamasıdır. İnsanların görməsi, oxuması və maraq göstərməsi üçün burada müəyyən ardıcıllıq olmalıdır. Əgər bu ardıcıllıq yoxdursa, materiallar təsadüfi və epizodik xarakter daşıyır. Nəticədə oxunma sayı da aşağı düşür.
Bu gün saytlar daha çox İP və bəyənmə sayına önəm verdiyi üçün mədəniyyət xəbərlərinin ardıcıl şəkildə təqdim olunmaması materialların oxucu qarşısında kifayət qədər diqqət çəkməməsinə səbəb olur. Oxunuş az olduqda isə avtomatik olaraq sayt rəhbərliyində belə bir fikir formalaşır ki, bu mövzulara ehtiyac yoxdur. Məhz bu yanaşma da mədəniyyət mediasının inkişafını müəyyən qədər məhdudlaşdırıb.
Digər tərəfdən, məhz buna görə mədəniyyətin, kinematoqrafiyanın, teatrın və digər sənət sahələrinin ayrıca media platformalarının olması vacibdir. Bu sahələrlə maraqlanan oxucular və peşəkarlar məlumatı haradan əldə edə biləcəklərini bilməlidirlər. Üstəlik, həmin materiallar siyasi, sosial və digər istiqamətlərdə fəaliyyət göstərən ümumi media platformalarında yayımlanan xəbərlərin arasında itib-batmamalıdır. Hər sahənin özünəməxsus media məkanı olmalıdır.
Kinojurnalistikanın və kino tənqidinin hazırkı vəziyyətinə gəldikdə isə, internet erasında yaşamağımız geniş imkanlar yaradıb. Bu istiqamətdə müəyyən inkişaf da gedir. Əvvəlki kimi sayt axtarmaq və çap olunmaq problemi o qədər də böyük deyil. Müxtəlif podkastlar, Telegram səhifələri və digər platformalar fəaliyyət göstərir. Elə insanlar var ki, məlumatı artıq saytlardan deyil, Telegram kanallarından əldə edirlər. Bu da müəyyən mənada inkişaf prosesinə xidmət edir.
Amma daha geniş və daha sistemli, eyni zamanda rəsmi platformaların da olması vacibdir. Çünki dağınıq şəkildə yayılan materialların bir araya toplandığı, qorunduğu və gələcəkdə müraciət edilə biləcək bir baza lazımdır. Belə platformaların olmaması ciddi itkidir.
Çünki sənəti müəllif, kommersiya və digər istiqamətlərə bölsək belə, onun tamaşaçısı və oxucusu yoxdursa, heç bir iş öz məqsədinə tam çata bilməz. İstər kino tənqidi, istərsə də teatr tənqidi olsun, bu sahələr sənət əsərlərinin daha geniş auditoriyaya çatmasına, diqqətə çıxmasına və təhlil edilməsinə imkan yaradır.
Dünya kino tarixinə nəzər salsaq, görərik ki, məşhur kino cərəyanlarının formalaşmasında kino tənqidinin çox böyük rolu olub. Kino tənqidçiləri prosesləri analiz edir, yeni tendensiyaları üzə çıxarırlar. Rejissor bir hekayəni çəkir və onun əsasında riyazi dəqiqliklə düşünülmüş məqamlar da ola bilər, təhtəlşüurdan, miflərdən və müəllifin kulturoloji bazasından qaynaqlanan elementlər də. Tənqidçinin işi bütün bu prosesi təhlil etmək, ayrı-ayrı əsərlərin arxasında dayanan ümumi tendensiyaları ortaya çıxarmaq və nələrin çatışmadığını göstərməkdir.
Məsələn, dünya kinosunda Yeni Dalğa cərəyanının yarandığı dövrdə Fransua Trüffo və Jan-Lük Qodar kimi sonradan məşhur rejissor kimi tanıdığımız şəxslər əslində kino tənqidindən gəlmişdilər. Onlar diqqətdən kənarda qalan filmləri üzə çıxarır, təhlil edir və həmin əsərlərin əslində nə qədər dəyərli olduğunu göstərirdilər. Bu filmlərin bir çoxu sonradan tanındı və klassika kimi qəbul edildi.
Bu baxımdan kino və teatr tənqidi, eləcə də ümumilikdə sənətşünaslıq çox vacib sahələrdir. Çünki sənətin inkişafı yalnız yeni əsərlərin yaradılması ilə deyil, həmin əsərlərin təhlil edilməsi, dəyərləndirilməsi və gələcək nəsillərə ötürülməsi ilə də bağlıdır.
Mədəniyyət sahəsi, kino sahəsi ilə bağlı yazılarım olanda çap etməyə yer tapmıram desəm, yalan olar. Hər zaman Kulis-də "Ədəbiyyat" qəzeti kimi mətbu orqanlarda yazılarımı çap etdirmişəm. Az da olsa, "Kinoyazar" saytının özündə də yazılarım gedib. Amma ölkədə məhz spesifik kino, teatr jurnalları, saytları azdır. Hətta hərəsindən bir ya iki dənədir. Elə incəsənət sahəsi var ki, heç o sahədə nə sayt, nə jurnal yoxdur. "Kinoyazar" saytı spesifik kino saytıdır, belə saytın bağlanması xəbəri bir kinoşünas kimi əlbəttə, məndə böyük təəssüf hissi yaradır.
Biz bilirik ki, bu cür saytlar fədakarlıq hesabına ayaqda qalır. Bu səpkidə mətbu orqanları yaşatmaq çox çətindir.
Kinojurnalistikanın, kino tənqidinin inkişafından danışsaq, onu qeyd etməliyəm ki, bizim sahənin də inkişafı Azərbaycan kinosunun inkişafından keçir. Milli kinomuz daim hərəkətdə olmalıdır ki, kinoşünaslıq sahəsi də aktivləşsin, passivlikdən, durğunluqdan çıxsın.
Kinonun inkişafı təkcə film çəkməklə olmur. Kino haqqında fikirlərin, gedən proseslərlə bağlı məqalələrin və tənqidi yazıların daim yazılması da vacibdir. "Kinoyazar" həm də yaradıcı insanların ərsəyə gətirdikləri işlərlə bağlı peşəkar kino mühitindən geri dönüş alması və bu istiqamətdə özünü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu platforma gələcəkdə Azərbaycan kino tənqidçilərinin beynəlxalq peşəkar qurumların üzvü olaraq ölkə kinosunu, onun xadimlərini və kino tənqidini xarici mətbuata çıxarması üçün mühüm imkan yaradır.
Bütün bunları nəzərə alaraq, "Kinoyazar"ın fəaliyyətinin dayandırılması kifayət qədər ciddi geri addımdır. Bunun hansı məntiqi əsasla edildiyini görmürəm. Eyni zamanda bu, kinoya yeni nəfəsin, yeni yazarların gəlməsini və onların öz sözünü deməsini məhdudlaşdıran qərardır.
Bəzən düşünürəm ki, hər cəhdlə elə bir təsəvvür yaratmaq istəyirlər ki, guya müstəqil Azərbaycan kinosu inkişaf etməyə qadir deyil. Sanki Sovet Azərbaycanı kinosu ilə müqayisədə bundan yaxşısını edə bilmədiyimizi göstərməyə çalışırlar. Hər dəfə kimlərsə buna cəhd göstərir. Gənclərin önə çıxmasına, yeni fikirlərin formalaşmasına və yaradıcı nəslin yetişməsinə mane olan belə lazımsız qərarlarla tez-tez qarşılaşırıq.
Bu qərarın verilməsinin heç bir məntiqi səbəbini görmürəm. "Kinoyazar"ın bağlanması Azərbaycan kino mühitinin formalaşması baxımından ciddi itki, inkişaf prosesinə isə böyük zərbədir. Əgər bu qərar dəyişdirilməsə, onun mənfi nəticələrini gələcəkdə daha aydın şəkildə görəcəyik.
Dəniz Pənahova
Median.Az
Lakin saytın müəllifləri üçün yayılan son açıqlama bu fəaliyyətin dayandırıldığını göstərib. Kinoşünas Aygün Aslanlı sosial şəbəkə hesabında müəlliflərə müraciət edərək artıq məqalə göndərməməyi xahiş edib və saytın fəaliyyətinin dayandırıldığını bildirib.


Elxan Xanəlizadə
Aygün Aslanlı
Sevinc Elsevər
Biz bilirik ki, bu cür saytlar fədakarlıq hesabına ayaqda qalır. Bu səpkidə mətbu orqanları yaşatmaq çox çətindir.
Kinojurnalistikanın, kino tənqidinin inkişafından danışsaq, onu qeyd etməliyəm ki, bizim sahənin də inkişafı Azərbaycan kinosunun inkişafından keçir. Milli kinomuz daim hərəkətdə olmalıdır ki, kinoşünaslıq sahəsi də aktivləşsin, passivlikdən, durğunluqdan çıxsın.

Türkan Hüseyn
Median.Az


