Mojo.az Banner
15:15 Danimarkada Putinin büstü təhqir edilib  |     15:10 DİN BNMİ 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxardı - Video  |     15:03 Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı  |     14:56 Dünən dənizdə batan “Krosna”nın solisti imiş  |     14:49 Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"  |     14:34 Naxçıvanda təmir ediləcək yolların - Siyahısı  |     14:29 Dörd rayonda yanğın törədənlər tapılıblar  |     14:22 Azərbaycanda mənzillər bahalaşdı  |     14:14 Qırğızıstanda zəlzələ baş verib  |     13:51 İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE  |     13:40 "Sabah"ın pley-off mərhələsindəki oyununun stadionu və vaxtı açıqlanıb  |     13:19 Həmkəndlisini dəhrə ilə beş zərbə vuraraq öldürən şəxsə cəza verildi  |     13:09 "Bunu etsək Azərbaycanda bir dənə də işsiz adam qalmaz" — Fuad İbrahimov  |     12:56 Tikinti şirkəti mənzili gecikdirərsə, alıcı nə tələb edə bilər? – Hüquqşünas açıqladı  |     12:52 İstifadə olunmayan məzuniyyətə görə pul hansı halda ödənilir? – Hüquqşünas açıqladı  |     12:30 Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     12:05 Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO  |     11:46 Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO  |     11:25 37 azərbaycanlı Almaniyadan ölkəmizə gətirildi  |     11:24 Azərbaycanda 25 milyon manata tələbələr üçün yataqxana kompleksi tikiləcək  |    
Left Banner
Right Banner

"Bunu etsək Azərbaycanda bir dənə də işsiz adam qalmaz" — Fuad İbrahimov

12.08.2026 13:09 987
Kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın şaxələndirilməsi, məşğulluğun artırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda son illər sahibkarlığın təşviqi məqsədilə müxtəlif güzəşt mexanizmləri, maliyyə dəstəyi proqramları və biznes mühitinin yaxşılaşdırılmasına yönələn tədbirlər həyata keçirilib. Buna baxmayaraq, sahibkarların maliyyə resurslarına çıxışı, bazardakı rəqabət imkanları, vergi yükü və inzibati prosedurlarla bağlı problemlər hələ də aktuallığını qoruyur. Bəs kiçik və orta biznesin daha sürətli inkişafı, mövcud sahibkarların fəaliyyətini genişləndirməsi və yeni biznes təşəbbüslərinin artması üçün hansı əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran iqtisadçı Fuad İbrahimov bildirib ki, sahibkarların üzləşdiyi bir sıra problemlərin həlli üçün əlavə prosedurların tətbiqinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, əsas məsələ mövcud güzəştlərin, imtiyazların, qaydaların və qanunların düzgün tətbiqi, eləcə də icra mexanizmlərinin effektiv işləməsidir.
“Əlavə heç nə lazım deyil. Mövcud güzəştləri, imtiyazları, qaydaları, qanunları və yanaşmanı sağlam edə bilsək, icra mexanizmini hərəkətə gətirsək, əlavə heç nə lazım deyil. Bizim problemimiz verdiyimiz imtiyazların, qaydaların və qanunların tətbiqindədir. Sistemə ümumilikdə yanaşma dəyişməlidir”, – deyə Fuad İbrahimov vurğulayıb.

O qeyd edib ki, sahibkar biznes qurarkən müxtəlif mərhələlərdə çoxsaylı maneələrlə qarşılaşır. Sənədləşmə və digər prosedurların mürəkkəbliyi sahibkarları alternativ yollar axtarmağa məcbur edir ki, bu da əlavə xərclərə səbəb olur.

“Bu hallarda sahibkarlar bütün prosedurları həyata keçirə bilmirlər. Başlayırlar rahat yol axtarmağa. Rahat yol isə kiminsə maraqlarından keçir. Bu da əlavə xərcdir”, – deyə iqtisadçı qeyd edib.


Fuad İbrahimovun sözlərinə görə, bəzi dövlət qurumlarında sahibkarlara problemlərin həlli ilə bağlı kifayət qədər aydın istiqamət göstərilmir.

“Elə dövlət qurumları var ki, işi bilərəkdən çətinləşdirir, çıxış yolunun harada olduğunu demirlər. Sanki çalışırlar ki, sahibkarlıq çətin vəziyyətə düşsün. Eyni vəziyyət maliyyə əlçatanlığı məsələsində də özünü göstərir. Çətinlik yaranır və bu çətinliklər bəzən süni şəkildə artırılır”, – deyə o əlavə edib.

İqtisadçının fikrincə, dövlət səviyyəsində biznesin inkişafı ilə bağlı mühüm mesajlar verilsə də, bu yanaşmanın bütün səviyyələrdə eyni şəkildə icra olunması vacibdir.

“Cənab Prezident çıxışlarının hamısında biznesin perspektivləri haqqında çox gözəl fikirlər səsləndirir, çıxış yollarını göstərir, qanunvericiliyə diqqət çəkir. Hətta bəzi hallarda məsul şəxsləri sərt şəkildə xəbərdar edir. Amma təəssüf ki, bunlar istənilən səviyyədə icra olunmur”, – deyə Fuad İbrahimov bildirib.

Fuad İbrahimov hesab edir ki, sahibkarların xarici ölkələrə üz tutması da biznes mühitində mövcud problemlərin göstəricilərindən biridir. İqtisadçı Azərbaycan sahibkarlarının Özbəkistan və Gürcüstan kimi ölkələrdə müxtəlif sahələrdə biznes qurduğunu xatırladıb.

“Özbəkistanda nə qədər Azərbaycan sahibkarı biznes açıb. Yüngül sənaye, kənd təsərrüfatının emal sektoru, zərgərlik və digər sahələrdə fəaliyyət göstərirlər. Bu adamlar orada niyə biznes qururlar? Nə çatışmır ki, bizim vətəndaşımız, biznesmenimiz başqa ölkəyə getməlidir? Bunun səbəbi problemlərdir. Əlçatanlıq yoxdur, məsələlər həll olunmur, müdaxilələr həddindən artıq çoxdur, şəffaflıqla bağlı problemlər var”, – deyə iqtisadçı vurğulayıb.
Fuad İbrahimov vergi, gömrük və digər dövlət qurumları ilə sahibkarlar arasında yaranan problemlərə də toxunub. O bildirib ki, bəzi hallarda sahibkarların müraciətlərinə vaxtında cavab verilmir, idxal prosesində isə əlavə suallar və prosedurlar biznesin fəaliyyətini çətinləşdirir.

“Biri vergi ilə bağlı sistemə məktub göndərir, məktub sistemdə ilişib qalır. Halbuki sahibkara vaxtında cavab lazımdır. Yaxud məhsulu idxal edirsən, gömrükdə o qədər sual yaranır ki, axırda sahibkarı bezdirirlər. FHN və digər dövlət qurumları ilə bağlı da müdaxilələrin həddindən artıq çox olduğu hallar var. Təbii ki, bunu bütün qurumlara və əməkdaşlara şamil etmək olmaz”, – deyə o bildirib.

İqtisadçı sahibkarlığın inkişafı üçün dövlət qurumlarının da məsuliyyət daşımasının vacibliyini qeyd edib. Onun təklifinə görə, hər hansı müəssisə fəaliyyətini dayandırdıqda həmin ərazidə fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri bunun səbəbləri ilə bağlı hesabat verməlidirlər.

“Bu sistem o zaman düzələcək ki, istənilən şirkət yarandıqdan sonra bağlananda və fəaliyyətini dayandıranda həmin ərazidəki dövlət qurumları izahat versinlər ki, müəssisə niyə bağlandı. Bu hal ayda bir-iki dəfə və ya rübdə bir neçə dəfə təkrarlanarsa, həmin dövlət qurumlarının rəhbərləri məsuliyyət daşımalıdırlar”, – deyə Fuad İbrahimov təklif irəli sürüb.

Onun sözlərinə görə, sahibkarlıq Azərbaycanın iqtisadiyyatının əsas dayaqlarından biridir və bu sahənin inkişafı həm məşğulluğun, həm də dövlət gəlirlərinin artmasına şərait yarada bilər.

“Azərbaycan iqtisadiyyatının onurğa sütunu biznes, sahibkarlıq sinfidir. Onlara şərait yaradılmalıdır. Sahibkarlar işləməlidir ki, sağlam vergi ödənilsin, iqtisadiyyat kölgədən çıxsın və rəqabət yönümlü iqtisadiyyat formalaşsın. Kapital axınının ölkədən çıxmasının qarşısını almalı, əksinə, ölkəyə kapital axınını təmin etməliyik”, – deyə iqtisadçı deyib.

Fuad İbrahimov hesab edir ki, sənaye parklarının yaradılması ilə yanaşı, ölkə üzrə biznes üçün əlverişli mühitin formalaşdırılması əsas hədəflərdən biri olmalıdır.

“Biz yalnız müəyyən ərazilərdə sənaye parkları yaratmaqla kifayətlənməməliyik. Dövlətin və hökumətin siyasəti elə qurulmalıdır ki, ölkənin hər yerində biznes fəaliyyətinə imkan yaradılsın və sahibkarlar mövcud güzəştlərdən səmərəli istifadə edə bilsinlər”, – deyə o vurğulayıb.

İqtisadçı əlavə edib ki, sahibkarlara real imkan yaradılarsa, Azərbaycanda məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

“İnanın ki, bunu tətbiq etsək, bir ilin içində Azərbaycanda bir dənə də işsiz adam tapa bilmərik. Azərbaycan xalqı bacarıqlı, məsələlərə vicdanla yanaşan, gəlirini bölüşə bilən xalqdır. Sadəcə olaraq imkan vermək lazımdır. Biz isə çox zaman bunları yalnız sözdə deyirik”, – deyə Fuad İbrahimov bildirib.

O, ölkədə məşğulluq məsələsinin də ciddi diqqət tələb etdiyini söyləyib. İqtisadçının sözlərinə görə, bir sıra ailələrdə bir neçə nəfərin işsiz olması hələ də aktual problemdir.

“Bu gün hansı ailəni soruşsanız, orada iki-üç işsiz insanın olduğunu görmək mümkündür. Bir ailədən dörd nəfərin işləməsi isə çox nadir hallarda baş verir. Statistikaya baxdıqda bunu görmək mümkündür”, – deyə Fuad İbrahimov qeyd edib.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner