Eviniz plana düşübsə, bunu mütləq bilməlisiniz: Kompensasiya belə hesablanır
"Ölkəmizdə ev plana düşüb sökülürsə, kompensasiya məbləği üç variant üzrə hesablanır. Birinci variantda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiya ərazi üzrə araşdırma aparır və dövlət tərəfindən vətəndaşa ödəniləcək kompensasiya məbləğini müəyyən edir".
Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
V.Oruc qeyd edib ki, məsələn, 2000-ci illərin əvvəllərində Yasamalda ilk söküntülər zamanı hər kvadratmetr üçün 1 500 manat müəyyən edilmişdisə, ötən il eyni ərazidə bu məbləğ 2 700 manat olub. Bu qərar müvafiq qurumları ümumi razılaşması əsasında qəbul edilir:
"İkinci variantda Bakı Şəhəri Şəhərsalma və Arxitektura Komitəsi qiymətləndirici şirkətin seçilməsi üçün satınalma keçirir. Qalib gələn şirkət söküntü aparılan ərazi üzrə qiymətləndirmə aparır və kompensasiya məbləği müəyyən edilərək vətəndaşa təqdim edilir. Üçüncü variant isə investor tərəfindən müəyyən olunur. Bu halda investorla vətəndaş arasında danışıqlar aparılır və hər iki tərəfi qane edən məbləğ kompensasiya kimi ödənilir. Bu üç variantdan başqa hər hansı digər mexanizm mövcud deyil".
V. Oruc kompensasiyanın necə müəyyən edilməli olduğu ilə bağlı bildirib ki, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əsasən, ərazinin bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir:
"Bir kvadratmetrin kompensasiya məqsədilə bazar dəyəri hesablandıqdan sonra vətəndaşa ödəniləcək məbləğ müəyyən edilməlidir. Bu prosesdə dövlət qurumunun, investorun, vətəndaşın həlledici söz sahibi olması obyektivliklə bağlı suallar yarada bilər. Buna görə də qiymətləndirmənin müstəqil qiymətləndirici şirkət tərəfindən aparılması daha məqsədəuyğun hesab olunur. Hazırda kompensasiya, əsasən, sökülən mənzilin və ya fərdi yaşayış evinin bazar dəyərinə uyğun hesablanır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq təklif etmişik ki, kompensasiya məbləği həmin ərazidə və ya yaxınlıqda yerləşən yeni tikililərin bazar dəyəri əsasında müəyyən edilsin. Bu halda vətəndaş eyni əraziyə yaxın yerdə yeni mənzil almaq imkanı əldə edər və proses daha ədalətli olar".
