Mojo.az Banner
21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |     20:05 Qurban ibadətində ən çox edilən səhvlər  |     19:56 İstehlakçı qorxusu, yoxsa yanlış məlumat? Toyuq qalmaqalı araşdırıldı  |     19:41 "Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib  |     19:31 Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı - YENİLƏNİB  |     19:14 Cüdoçularımız ilk günü medalsız bitirdilər  |     19:05 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO  |     18:47 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA  |     18:33 Prezidentin köməkçisi son 6 ildə mina partlayışından ölənlərin sayını açıqladı  |     18:17 Bu avtobusların hərəkət sxemi dəyişdirilir  |     18:09 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib - FOTO  |     17:58 Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir  |     17:41 Buraxılış imtahanının nəticələri elan olundu  |     17:38 6 nəfər imtahandan xaric olunub - RƏSMİ  |     16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |    
Left Banner
Right Banner

Qurban ibadətində ən çox edilən səhvlər

01.05.2026 20:05 249
Qurban ibadətində ən çox edilən səhvlər
İslam dünyasında xüsusi əhəmiyyətə malik olan Qurban bayramı paylaşma, yardımlaşma və mənəvi dəyərlərin ön plana çıxdığı günlərdən hesab olunur.

Azərbaycanda da hər il geniş qeyd olunan Qurban bayramı ərəfəsində vətəndaşları ən çox maraqlandıran mövzular arasında qurbanlıq heyvanların seçimi, kəsim qaydaları, dini şərtlər və bu ibadətin mahiyyəti yer alır. Bununla yanaşı, son illərdə bayramın daha çox formal xarakter alması, sosial şəbəkələrdə nümayiş məqsədli paylaşımlar və qurban ibadətinin fəlsəfəsinin kölgədə qalması ilə bağlı müzakirələr də aktuallıq qazanır.

Qurban ibadətinin İslamda əsas mahiyyəti və fəlsəfəsi nədir?

Qurban kəsmək kimlər üçün vacib sayılır, kimlər üçün vacib deyil?

Qurban kəsimi zamanı ən çox edilən səhvlər hansılardır?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, islam dininə görə Qurban ibadəti sadəcə bir dini ritual, adət, ənənə deyil, həm də insanın Allaha münasibətinin, cəmiyyətə baxışının və daxili dünyasının göstəricisidir.
Əkrəm Həsənov qeyd edib ki, əgər insanların imkanları varsa, Allaha iman edirsə, Qurban kəsməyin Allahın əmri olduğunu dərk edirsə, bunu icra edir, Qurban kəsib özünə, ailəsinə, ehtiyacı olan insanlarla paylaşır. Bir çox dini qruplar öz aralarında, ancaq özləri üçün kəsib paylayırlar və digər inanclı və ya inancsız insanları nəzərə almırlar, ama radikal olmayan dini qruplar imanlı, imansız fərqi olmadan Qurban kəsib ətindən ehtiyacı olanlara verirlər.

"Ümumi olaraq, cəmiyyət bunu bir adət kimi icra edir. Ona görə də bu məsələyə həm dini mənbələr əsasında, həm də düşüncə baxımından geniş yanaşmaq lazımdır.
Qurban ibadətinin əsas mahiyyətini anlamaq üçün ilk növbədə Qurana baxmaq lazımdır. Allah buyurur ki, onların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan yalnız sizin təqvanızdır. Bu fikir Həcc surəsinin 37-ci ayəsində açıq şəkildə ifadə olunur. Bu ayə qurbanın zahiri deyil, daxili tərəfinə diqqət çəkir. Yəni burada əsas məsələ heyvanın kəsilməsi deyil, insanın niyyəti, Allaha bağlılığı və itaət ruhudur. Bu həm də təkcə qurban bayramında yox, digər vaxtlarda da səndə olan nemətlərin digərləri ilə paylaşılması anlayışıdır", — deyə ilahiyyatçı əlavə edib.

Ə. Həsənov vurğulayıb:

"Ancaq təəssüf ki, bu, qurbanlıqla bitir, digər vaxtlarda insanlar bir birləri ilə tam səmimi olaraq əldə olan nemətlərdən paylaşmırlar.
Qurban ibadətinin kökü İbrahim peyğəmbərin (əleyhissalam) həyatına gedib çıxır. Oğlu İsmayılı qurban verməyə hazır olması sadəcə bir hadisə deyil, bu, insanın Allah qarşısında tam təslimiyyətinin simvoludur. Böyük İslam alimlərindən İmam Qəzali bu hadisəni şərh edərkən qeyd edir ki, qurban insanın daxilindəki özünü, yəni eqosunu, dünyaya bağlılığını qurban verməsinin rəmzidir".

Müasir dini düşüncədə də bu yanaşmanın davam etdiyini bildirən Ə. Həsənov deyib:

"Məsələn, Fazlur Rahman və digər müasir tədqiqatçılar qurbanı sosial ədalət və paylaşma mexanizmi kimi izah edirlər.
Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Adəm övladı Qurban bayramı günü qan axıtmaqdan daha sevimli bir əməl etməz. Bu hədis Tirmizi və İbn Macədə rəvayət olunub. Amma bu hədisi yalnız zahiri şəkildə başa düşmək doğru deyil. Burada məqsəd Allaha yaxınlaşmaqdır. Elə qurban sözünün özü də yaxınlaşmaq mənasını verir".

"Müasir psixologiya baxımından da bu ibadətin maraqlı tərəfləri var. İnsan paylaşdıqca, başqasının ehtiyacını ödədikcə beyində mükafat sistemi aktivləşir. Altruizm adlanan bu davranış forması insanın həm mənəvi, həm də psixoloji sağlamlığına müsbət təsir edir. Yəni qurban sadəcə dini deyil, sosial və psixoloji baxımdan da insanı saflaşdıran bir prosesdir".


İlahiyyatçı bildirib ki, qurban kəsməyin kimlər üçün vacib olmasına gəldikdə isə, İslam hüququnda bu məsələ daha konkret şəkildə izah olunub. Hənəfi məzhəbinə görə, müəyyən maddi imkanı olan, yəni nisab miqdarında malı olan, borc içində olmayan və əsas ehtiyaclarından artıq imkanı olan müsəlmana qurban vacib sayılır. Bu gün aldığı az məvaciblə banklara borclu olan insanların əlavə borca girib qurban kəsməsi şəri cəhətdən məqbul hesab edilmir. Çünki, Allah təala heç kimə gücünün çatmadığı əmri icra etdirmir. Məcbur deyil ki, borcla qurban alıb kəsəsən. Ona görə də bəzi məzhəblərdə bu əməl vacib deyil, güclü sünnə kimi qəbul edilir. Burada əsas prinsip insanın gücüdür. Quranda açıq şəkildə deyilir ki, Allah heç kəsə gücünün çatmadığını yükləməz. Bu, Bəqərə surəsinin 286-cı ayəsində qeyd olunur.
Bu məsələdə çox önəmli bir məqam var. Qurban kəsmək imkanı olmayan insanın özünü sıxıntıya salması doğru deyil. İbn Teymiyyə və digər alimlər qeyd edirlər ki, borc alıb qurban kəsmək ibadətin ruhuna ziddir. Çünki bu ibadət rahatlıq, paylaşma və şükür üzərində qurulub, özünü çətinliyə salmaq üzərində yox.


"Qurban kəsimi zamanı edilən səhvlərə gəldikdə isə, burada həm dini, həm də etik problemlər var. Ən çox rast gəlinən səhvlərdən biri niyyət məsələsidir. Qurban ibadəti bəzən sosial şəbəkələrdə nümayiş xarakteri alır. İnsanlar qurbanı paylaşmaq üçün deyil, göstərmək üçün edirlər. Halbuki Quranda riya, yəni özünü göstərmək üçün edilən ibadət sərt şəkildə tənqid olunur.
Digər bir səhv heyvanın seçimi ilə bağlıdır. Peyğəmbərimiz (s.ə.s) qurbanlıq heyvanın sağlam, qüsursuz və müəyyən yaş həddinə çatmış olmasını şərt qoyub. Bu barədə hədislərdə açıq şəkildə qeyd olunur ki, kor, xəstə, arıq və ciddi qüsuru olan heyvanlar qurban üçün uyğun deyil.
Bir başqa mühüm məsələ kəsim prosesinin özüdür. İslamda heyvana əziyyət vermək qadağandır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, sizdən biri qurban kəsəndə bıçağını itiləsin və heyvana əziyyət verməsin. Bu, həm dini, həm də etik məsələdir. Müasir heyvan hüquqları ilə bağlı yanaşmalar da bu prinsiplə üst-üstə düşür.
Ən çox unudulan məsələlərdən biri isə qurbanın paylaşılmasıdır. Qurbanın əsas fəlsəfəsi ehtiyacı olan insanlara yardım etməkdir. Əgər qurban yalnız ailə daxilində qalırsa və sosial faydaya çevrilmirsə, onun mahiyyəti zəifləyir. Böyük islam alimləri qurban ətinin üç hissəyə bölünməsini tövsiyə ediblər: bir hissəsi ailəyə, bir hissəsi qohumlara, bir hissəsi isə kasıblara verilməlidir", — Həsənov vurğulayıb.

İlahiyyatçı sonda bu gün ən ciddi problemlərdən bəhs edərək deyib:

"Qurbanın ruhunun unudulması da ən ciddi problemlərdən biridir. İbadət formal olaraq yerinə yetirilir, amma onun arxasındakı düşüncə, hikmət və məqsəd diqqətdən kənarda qalır. Halbuki qurban insanı dəyişdirməlidir. Əgər bu ibadətdən sonra insan daha mərhəmətli, daha paylaşan və daha məsuliyyətli olmursa, deməli burada ciddi bir boşluq var.
Başa düşməliyik ki, qurban ibadəti sadəcə bir heyvan kəsmək deyil. Bu, insanın öz nəfsini tərbiyə etməsi, Allaha yaxınlaşması və cəmiyyətə faydalı olması üçün bir fürsətdir. Bu ibadəti doğru anlamaq və doğru yaşamaq həm dini, həm də insani məsuliyyətdir".

Dəniz Pənahova
Median.Azскачать dle 11.3
Mojo.az Banner