Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Əl reabilitasiyası sahəsində əl cərrahiyyəsi və yuxarı ətrafların motor funksiyalarının inkişafı, eləcə də incə hərəkətlərin bərpası həyata keçiriləcək. Kardiopulmonar reabilitasiya ürək-damar və tənəffüs sistemi xəstəliklərindən sonra fiziki dözümlülüyün artırılmasına xidmət edir. Geriatrik reabilitasiya isə yaşlı pasiyentlərdə hərəkət imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
Onkoloji reabilitasiya onkoloji müalicələrdən sonra fiziki və psixoloji adaptasiyanın təmin edilməsini əhatə edir. Bundan əlavə, ginekoloji və androloji reabilitasiya kiçik çanaq disfunksiyalarında, kiçik çanaq əzələlərinin funksional bərpası, gücünün və elastikliyinin artırılması məqsədilə tətbiq olunan hədəfli fizioterapevtik yanaşma ilə həyata keçiriləcək. Onurğa sağlamlığı xidmətləri onurğa sütunu problemlərinin qarşısının alınmasına və müalicəsinə istiqamətlənib.
Yeni Robotik Reabilitasiya Mərkəzi dünyada həm robotik, həm də klassik reabilitasiya sahəsində lider mövqeyini möhkəmləndirməyi, elmi və texnoloji yenilikləri reabilitasiya proseslərinə inteqrasiya edərək Azərbaycanı innovativ reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir. Həmin istiqamətdə beynəlxalq akkreditasiyalar üçün rəsmi danışıqlara artıq başlanılıb.
Mərkəzin üstünlüklərinə dünya səviyyəli robotik lokomasiya və yuxarı ətraf reabilitasiya sistemləri, 3D hərəkət analizi, balans və koordinasiya ölçmə texnologiyaları, süni intellekt əsaslı qiymətləndirmə və fərdiləşdirilmiş reabilitasiya alqoritmləri, fizioterapevtlər, reabilitoloqlar, neyroloqlar, ortopedlər, psixoloqlar və ergoterapevtlərdən ibarət multidisiplinar komanda, eləcə də beynəlxalq təlim, sertifikasiya və elmi əməkdaşlıq imkanları daxildir. Bütün bu xüsusiyyətləri ilə mərkəz Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan, həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edən qabaqcıl bir qurum kimi fəaliyyətə başlayır.
Yeni Robotik Reabilitasiya Mərkəzinin noyabrın 20-dən etibarən fəaliyyətə başlayacağı diqqətə çatdırılıb.
Daha sonra Sümük İliyi Transplantasiyası Mərkəzinə baxış keçirilib. Qeyd olunub ki, mərkəz müasir tələblərə cavab verən yüksək ixtisaslaşmış tibbi mərkəz kimi formalaşdırılıb. Şöbənin hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edən, geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunması planlaşdırılır.
Tibbi xidmətlər çərçivəsində qeyd olunan diaqnozlarla müalicə alan pasiyentlər üçün həm allogen, həm də autogen sümük iliyi transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.
Mərkəz 22 çarpayılıq şöbə ilə böyüklər və uşaqlar üçün fəaliyyət göstərəcək. Həm autogen, həm də allogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq.
Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verən HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksəksəviyyəli infeksion nəzarət sistemi ilə təchiz edilib.
Mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz, effektiv və yüksəkkeyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə sümük iliyi transplantasiyası xidmətlərinin əlçatanlığını artırmaqdır.
Yeni yaradılmış mərkəz ilə tibb müəssisəsi hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaradacaq və müasir tibb standartlarının tətbiqində nümunəvi səhiyyə ocağı kimi fəaliyyət göstərməyə davam edəcək.




