Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.
Şahid Leyla Abdullayeva hadisə vaxtı mərkəzdə çalışdığını deyib:
"Hadisə zamanı mən mərkəzdə, ordinator otağında idim. Səs eşitdim. Gördüm, yanğın baş verib. Mən də yanğının söndürülməsi üçün hərəkətə keçdim. Yanğın otaqda bir küncdə başladı. Öncə adyalla, sonra isə yanğınsöndürən balonla söndürməyə çalışdım. Yanğın küncdən başlamışdı və o tərəfdə də uşaqlar var idi. O uşaqları tərpətmək olmazdı, vəziyyətləri stabil deyildi. Uşaqları tərpətmədən yanğını söndürmək lazım idi. Mühafizəçi balonu alov olan hissəyə yönəldəndə qara tüstü ətrafı basdı. Biz uşaqları çıxarmağa başladıq. Otaq qaranlıq oldu. Biz də otaqdan çıxdıq. Bizim şöbədə dörd otaq var idi. Bütün otaqlarda ümumi 37 uşaq var idi".
Şahid bildirib ki, yanğınla əlaqədar öncə polisə zəng edib və sonra Mehriban Abasquliyevaya (həmin vaxt mərkəzin direktoru - red.) məlumat verib.
L.Abdullayeva onu da bildirib ki, ordinator otağından uşaqların olduğu otağadək məsafə 5-10 metrdir və səs eşidən kimi otağa gedib. Sözügedən otaqda tibb personalının zəruri əşyaları, tibbi ləvazimatlar yerləşdirilib. Həmçinin mərkəzdə uzadıcılardan istifadə edilib. Elektrik cərəyanı ilə vurulma halı ilə qarşılaşmayıb, amma elektrik yuvalarının üstü açıq olub. Bununla bağlı tibb bacılarının rəhbərliyə məlumat veriblər.
Daha sonra şahid Elşad Bayramov ifadə verib. O bildirib ki, hadisə baş verən zaman mərkəzdə işləməyib.
"Mərkəzin təsərrüfat bölməsində çalışırdım. Hadisədən altı ay öncə mən öz ərizəmlə işdən çıxmışam. Bizə Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı təlim keçib, mərkəzdə yoxlama zamanı nöqsanlar aşkar edib. Həmin nöqsanlar yanğınsöndürən balonların düzgün yerləşdirilməməsi, balonların yerdə olması, altıncı mərtəbədə tavanın lambirdən olması, yanğınsöndürmə siqnalizasiyasının olmaması tipli kiçik nöqsanlar idi. Çalışdığım dövrdə mərkəzin cərimə edilməsi ilə bağlı məlumatım olmayıb. Lakin mərkəz cərimə edilibsə də, mən çalışdığım dövrdə olmayıb".
Şahid bildirib ki, əvvəllər təsərrüfat şöbəsində çalışsa da, oradakı əmək fəaliyyətinin son on beş gününü anbardar kimi davam etdirib. Anbara ləvazimatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Proses oktyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək Xidmətləri Şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində Respublika Perinatal Mərkəzi, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.