Bu ölkələri seçməklə xaricdə ödənişsiz təhsil ala bilərsiniz - SİYAHI
Azərbaycan vətəndaşları üçün bir sıra ölkələrlə imzalanmış hökumətlərarası sazişlər əsasında təqaüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə tələbələr müxtəlif ixtisaslar üzrə xarici ali təhsil müəssisələrində ödənişsiz və ya maliyyə dəstəyi ilə təhsil ala bilirlər. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya və Tacikistan kimi ölkələrlə aktiv Hökumətlərarası Təqaüd Proqramları həyata keçirilir. Bəs bu təqaüd proqramları tələbələrə nə vəd verir?
Valyuta.az Azərbaycan ilə müxtəlif ölkələr arasında imzalanmış Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) aid xülasə məlumatları və qaydaları təqim edir.
1) Çin Xalq Respublikasında Təhsil
Çin Xalq Respublikasında Təhsil üzrə HTP 2020-ci ildə imzalanmış beşillik sazişə əsasən həyata keçirilir və tələbə mübadiləsi yolu ilə ali təhsil almaq imkanı yaradır.
Tədris çin və ya ingilis dilində aparılır. Belə ki, çin dilli proqramlara qəbul olunanlar 1–2 il hazırlıq kursu keçməlidirlər, ingilis dilli proqramlar üçün isə dil sertifikatı tələb olunur.
Təhsil müddəti bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə isə 3–4 il təşkil edir. Təqaüd Çin tərəfindən təhsil, yataqxana, təcrübə və yaşayış xərclərini, Azərbaycan tərəfindən isə hər il bir dəfə beynəlxalq gediş-gəliş xərclərini əhatə edir.
2) Koreya Respublikasında Təhsil
Bakalavriat səviyyəsi üzrə təqdim olunan bu təqaüd proqramına yalnız 1 mart 1995-ci ildən sonra doğulan şəxslər müraciət edə bilər. Proqram 1 il dil hazırlığı və 4 il ali təhsil mərhələsini əhatə edir. Təqaüd aylıq 900.000 KRW məbləğində təqaüd, təhsil haqqı, dil kursu, yataqxana, yol və sığorta xərclərini qarşılayır. Namizədlərdən TOEFL, IELTS və ya TOPIK üzrə dil sertifikatı tələb olunur.
3) Latviya Respublikasında Təhsil
Təqaüd proqramı Azərbaycan və Latviya hökumətləri arasında 2017-ci ildə imzalanmış sazişə əsasən həyata keçirilir və tələbə mübadiləsi yolu ilə təhsil almaq imkanı yaradır. Tədris ingilis və ya latış dilində aparılır. Proqram bakalavriat və magistratura səviyyəsi üzrə aylıq 500 avro, doktorantura səviyyəsi üzrə isə aylıq 670 avro təqaüd təmin edir. Təhsil haqqı, səyahət və sığorta xərcləri namizəd tərəfindən qarşılanır.
4) Macarıstan Respublikasında Təhsil
“Stipendium Hungaricum” proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Macarıstanda təhsil almaq imkanı yaradılır. Tədris ingilis dilində aparılır və müvafiq dil sertifikatı tələb olunur. Təqaüd ödənişsiz təhsil, yataqxana, tibbi sığorta və aylıq təqaüdü əhatə edir. Gediş-gəliş xərcləri tələbə tərəfindən qarşılanır.
5) Qazaxıstan Respublikasında Təhsil
Proqram 2017-ci ildə Azərbaycan və Qazaxıstan arasında imzalanmış sazişə əsasən həyata keçirilir və qarşılıqlı tələbə mübadiləsi imkanı yaradır. Tədris qazax, rus və ya ingilis dilində aparılır. Təqaüdə təhsil haqqı, tədris materialları, yataqxana, tibbi xidmət və aylıq təqaüd daxildir; beynəlxalq nəqliyyat xərcləri Azərbaycan tərəfindən qarşılanır. Təqaüd məbləği Qazaxıstan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir
6) Rumıniyada Təhsil
Proqram 2004-cü ildə Azərbaycan və Rumıniya arasında imzalanmış sazişə əsasən tələbə mübadiləsi yolu ilə həyata keçirilir. Təhsil rumın dilində aparılır, müddət ixtisasdan asılı olaraq bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə 3–4 ildir. Təqaüdə təhsil haqqı, yataqxana və aylıq təqaüd (bakalavriat: 65 avro, magistratura: 75 avro, doktorantura: 85 avro) daxildir. Nəqliyyat xərcləri hər il bir dəfə Azərbaycan tərəfindən qarşılanır. Ətraflı məlumat illik elanlar vasitəsilə təqdim olunur.
7) Rusiya-MGIMO
Proqram Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün təqaüdlü yerlər ayırır. Namizədlər DİM tərəfindən təşkil olunan imtahan əsasında seçilir. Təhsil haqqı və yataqxana xərci Rusiya, aylıq təqaüd və aviabilet xərcləri isə Azərbaycan tərəfindən qarşılanır. Ətraflı məlumat DİM-in elanlarında təqdim olunur.
8) Tacikistan Respublikasında Təhsil
Proqram 2018-ci ildə Azərbaycan və Tacikistan arasında imzalanmış protokola əsasən həyata keçirilir və qarşılıqlı tələbə mübadiləsi imkanı yaradır. Tədris rus dilində aparılır, təhsil müddəti bakalavriat üzrə 4–6 il, magistratura üzrə 2–4 il, doktorantura üzrə isə 3–4 ildir. Təqaüdə təhsil haqqı, dərs vəsaitləri, yataqxana, ilkin tibbi yardım və milli qanunvericiliyə uyğun aylıq təqaüd daxildir. Gediş-gəliş xərcləri tələbə tərəfindən qarşılanır. Ətraflı məlumat illik elanlarda təqdim olunur.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!