"Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.
Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.
Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari İşlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan "Katiblik" tərəfindən təmin edilir.
Katiblik aşağıdakı vəzifələri həyata keçirir:
1. yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
2. komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;
3. uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın Azərbaycan nəticəsi barədə Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;
4. uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;
5. Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı İctimaiyyəti məlumatlandırır.
Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.
Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri İşlər barəsində hesabat verirlər.
Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.
Katiblik hesabatları ümumiləşdirərək müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.
Yerli komissiyaların səlahiyyətləri aşağıdakılardır:
1. uşaqların hüquqlarına və qanuni mənafelərinə dair normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2. uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması və onların asudə vaxtının səmərəli təşkili, uşaqların baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, uşaqların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirmək;
3. uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını həyata keçirmək;
4. təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, uşaqların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparmaq və həmin müəssisə, təşkilat və idarələrin müdiriyyətinin (işəgötürənlərinin) uşaqların təlim-tərbiyəsi prosesinə aid məsələlərlə bağlı məlumatını komissiyanın iclaslarında dinləmək;
5. komissiyanın işi üçün lazım olan məlumatın təqdim olunmasını mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, təşkilatların və idarələrin müdiriyyətindən (işəgötürənlərindən) tələb etmək;
6. uşaqları, onların valideynlərini və ya digər qanuni nümayəndələrini şəxsən qəbul etmək, onların müraciətlərinə baxmaq, şəxsi işləri ilə tanış olmaq;
7. uşaqların tərbiyəsi, təhsili və əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması ilə əlaqədar, həmçinin uşaqların pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq dövlət orqanlarına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara müraciət etmək;
8. komissiyanın qərarını yerinə yetirmədikdə və ya komissiyanın uşaqların pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına dair müraciətinə baxmadıqda vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaq;
9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxmaq;
10. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən razılıq vermək;
11. insan alveri qurbanlarına yardım mərkəzlərində və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlarda saxlanılan uşaqlar barədə dərhal məlumat almaq;
12. insan alverinin qurbanı olmuş uşaqlara sığınacaq verilmə müddətinin uzadılması barədə vəsatət vermək;
13. cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə müraciət etmək;
14. uşaqların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;
15. uşaqların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirmək;
16. komissiyanın iclasında baxılan məsələlər barəsində məlumatlar və izahatlar almaq üçün vəzifəli şəxsləri, mütəxəssisləri, ekspertləri və digər şəxsləri komissiyanın iclaslarına dəvət etmək;
17. cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış uşaqlar barəsində müvafiq dövlət orqanlarından daxil olan materiallara baxmaq;
18. spirtli içkilər içən, narkotik vasitələr və psixotrop maddələr qəbul edən uşaqlar barəsində materialları müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi üçün müvafiq tibb müəssisələrinə göndərmək;
19. uşağın törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi haqqında, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi haqqında, şərti məhkum etmə haqqında, məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qarşısında vəsatət qaldırmaq;
20. komissiyanın təşəbbüsü ilə qaldırılan və uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək;
21. uşağın islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyəti ilə birgə məhkəməyə təqdimat vermək;
22. tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış uşaqlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərmək, dövlət yardımına ehtiyacı olan uşaqları müəyyən etmək və onlara yardım göstərmək, uşaqların sosial reabilitasiyası üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər funksiyaları həyata keçirmək;
23. müvafiq icra hakimiyyəti orqanının uşaqlarla iş üzrə inspektorlarından zəruri məlumatlar almaq;
24. internat, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində saxlanılan uşaqların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmək mümkün olmadıqda həmin sənədlərin əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;
25. valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirmək və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamaq;
26. bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətlər.
Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, uşaqların yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla onların barəsində aşağıdakı intizam təsir tədbirlərini tətbiq edirlər:
1. xəbərdarlıq etmək;
2. uşaq müstəqil əməkhaqqına malikdirsə və zərərin məbləği otuz üç manatdan artıq deyildirsə, vurduğu zərəri ödəmək, yaxud maddi zərərin otuz üç manatdan artıq olmayan məbləğdə nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini onun öhdəsinə qoymaq;
3. uşaqları valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarətinə vermək;
4. on beş yaşından on səkkiz yaşınadək olan uşaqların öz qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi üçün tədbirlər görmək;
5. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan uşaqları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;
6. çətin tərbiyə olunan uşaqları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;
7. ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış uşağın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaq.
Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu maddənin birinci hissəsinin 1-4-cü bəndlərində göstərilən tədbirlər nəticə vermədikdə, törətdikləri əməllərə görə inzibati məsuliyyətə cəlb olunması üçün on altı yaşından on səkkiz yaşınadək olan uşaqlar barəsində inzibati xətalar haqqında işlər komissiya tərəfindən aidiyyəti dövlət orqanlarına geri qaytarılır.
Hüquq pozuntusu törətmiş uşaqlar barəsində "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi profilaktik iş aparılır.
Bundan başqa, dövlət başçısı "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar fərman imzalayıb.