Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Qanunun 106-cı maddəsinə (hakimlərin maddi təminatı) dəyişiklikdə qeyd olunur ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:
- Ali Məhkəmə sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində, yəni 2475 manat;
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;
- Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər məhkəməsinin, Hərbi məhkəmələrin və İnzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;
- Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;
- Bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
- Ali Məhkəmənin, Naxçıvan MR Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;
- Bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
107-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilir və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:
“Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir”.
Bu qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.