"Keşikçidağ qədim monastr kompleksi ətrafında baş verən vəziyyət elə də sadə deyil. Bu hər iki tərəf üçün kifayət qədər həyəcanlı məsələdir. Bu səbəbdən, rəsmi nümayəndələr arasında danışıqlar və müzakirələr davam edəcək".
Median.Az xəbər verir ki, bunu Media.Az-a gürcü politoloq, beynəlxalq məsələlər üzrə tanınmış ekspert Arçil Sixarulidze deyib.
Onun sözlərinə əsasən, artıq tərəflər hamının bu əraziyə heç bir maneə olmadan səfər etmək imkanına sahib olması barədə razılığa gəliblər.
“Sonuncu məsələ göstərir ki, Bakı da, Tbilisi də dövlətlər arası münasibətlərin vacibliyini anlayır. Biz Cənubi Qafqazda strateji partnyoruq və münasibətlərin korlanması heç kəsə sərf etmir. Xalqlar arasındakı münasibətlərə gəldikdə isə, münasibətlərin pisləşməsi gözlənilmir. Biz əvvəllər də xoş qonşuluq münasibətlərində olmuşuq, gələcəkdə də belə olacayıq”, - deyə gürcü politoloq əminliklə deyib.
Qeyd edək ki, son dövrlər Azərbaycan və Gürcüstanın delimitasiya edilməmiş sərhəd ərazisində yerləşən Keşikçidağ məbəd kompleksi insidentlərə səbəb olub. Bu il isə sərhədlərin delimitasiyası məsələsi ilk dəfə Gürcüstan prezidenti Salome Zurabişvilinin fevral ayında Azərbaycana səfəri zamanı qaldırılıb. 2019-cu ilin may ayında Bakıda Azərbaycanın XİN rəhbərinin müavini Xələf Xələfovun gürcü həmkarı Laşa Darsaliya ilə görüşü keçirilib. Tərəflər iki ölkə arasında sərhədlərin delimitasiyası barədə fikir mübadiləsi aparıblar. Prosesin qısa müddət ərzində başa çatmasına dair razılıq əldə edilib.