Bu gün Milli Məclisin yaranmasının 100 illik yubileyi qeyd olunur.
Bu münasibətlə parlamentdə xüsusi və təntənəli iclası keçirilir.
İclasda 40-dan artıq ölkənin və beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak edir. 14 ölkə spikerlər səviyyəsində, 13 ölkə vitse-spikerlər səviyyəsində, 13 ölkə digər, yəni, parlament nümayəndə heyətləri səviyyələrində xüsusi iclasa qatılıb.
Xüsusi iclasda iştirak üçün Türkiyə parlamentinin sədri Binəli Yıldırım və ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərə gəlib.
Xüsusi iclasda ölkə prezidenti İlham Əliyev də iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı - parlament birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki - yaz və payız sessiyaları keçirilir.