Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb.
Mehriban xanım Əliyeva ona səmimi arzularını, ürək sözlərini bildirən bütün insanlara müraciət edərək təşəkkürünü ifadə edib:
“Əziz dostlar,
Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr və pensiyaçılar, həmvətənlərimiz və xaricdəki dostlarımız mənə məktub yazırlar.
Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş və yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir və mənə müsbət enerji verir.
Əziz dostlar,
Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq, insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.
Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.
Əziz dostlar,
Diqqətinizə və səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.
Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.