“Euroasianet.org” portalında 6 avqust 2018-ci il tarixində jurnalist Joşua Küçeranın müəllifi olduğu “Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir” adlı məqalə dərc edilib.
Sözügedən məqalə ilə əlaqədar XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Euroasianet.org” portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya tərəfindən bunu dərc etməkdən imtina edilib.
XİN-nin mətbuat xidmətinin rəhbərinin sözügedən məqalə və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısını ixtisarla təqdim edirik:
“Mən sizə 6 avqust tarixində “Euroasianet.org”un jurnalisti Coşua Kuçeranın müəllifi olduğu “Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir” adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərini təqdim etmir.
Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.
Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir.
Kəlbəcərin işğalı məqsədilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə, əsasən, Ermənistan ərazisindən həyata keçirilib.
İşğal nəticəsində Kəlbəcərin 60 min nəfərdən artıq sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu”.
Qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır:
“BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi.
BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.
Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır.
Ermənistanın həmçinin, şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral, o cümlədən qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.
Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar.
Ermənistan və erməni diaspor dairələrinin bütün ciddi cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.
Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər.
Hazırda 70 min nəfərdən çox Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir...
Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır”.