"Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?!"
"Yaxın gələcəkdə Azərbaycanda idarəetmə strukturunda nəzərdə tutulan islahatlar yəqin ki, çeviklik, operativliyə yönələcək. Bu islahatlar nəticəsində müəyyən dövlət qurumlarının birləşdiriləcəyi, bir-birini təkrarlayan qurumlara büdcədən əlavə vəsaitlərin ayrılmasının qarşısını almaq üçün bəzilərinin ləğv ediləcəyi, regionlarda isə çevik idarəetmə həyata keçirə bilən yeni qurumların yaradılacağı istisna deyil. Mən dövlət başçısının qarşıya qoyduğu məqsədi təxmini anlayıram və belə hesab edirəm ki, atılacaq bütün bu addımlar Azərbaycan xalqının rifahına və vətəndaşların daha yaxşı yaşamasına xidmət edəcək. Bu işdə ona uğurlar diləyirik!"
Median.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı qarşıdakı illərdə idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərinə münasibətində bildirib.
Millət vəkili qeyd edib ki, dövlət başçısının gördüyü saysız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır:
"Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə həddən artıq çox işlər görüb. Onların arasında regionların inkişafına dair dövlət proqramlarının qəbul və icra edilməsini xüsusi vurğulaya bilərik. Dövlət başçısının da qeyd etdiyi kimi, doğrudan da ölkədə çoxsaylı sosial obyektlər tikilib, bir sıra sosial problemlər həll olunub və bu istiqamətdə işlər durmadan davam edir. Qazlaşdırılma, su, yol çəkilişi, məktəblərin, bağçaların, xəstəxanaların tikintisi, "ASAN xidmət" mərkəzlərinin istifadə verilməsi və s. buna bariz misal ola bilər.
Lakin yenə də müəyyən nöqsanlar var ki, dövlət başçısı artıq özü onları araşdıraraq qiymət verir. Prezident İlham Əliyevin fikirlərindən belə məlum olur ki, bu yaxınlarda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə o, məmur özbaşınalığın, pozuntular, digər neqativ hallar və idarəetmədəki problemlərin aradan qaldırılması ilə bağlı operativ, çevik işlərin görülməsinə xüsusi diqqət yetirəcək.
Biz də hamılıqla bunu arzulayırıq. Mən də bir hüquq müdafiəçisi və millət vəkili olaraq həmişə bunu arzulamışam. Düşünmüşəm ki, cənab prezidentin gördüyün bu qədər uğurlu işlərin müqabilində niyə hələ də narazılar var? Niyə hələ də bəzi dövlət qurumlarında rüşvətə, özbaşınalığa yol verilir?! Niyə harınlamış məmur və məmur balaları var?! Niyə insanları süni şəkildə narazı salırlar?! Niyə ayrılmış büdcədən yeyintilər olur?!
Təbii ki, bütün bunları idarə etmək, nəzarət etmək olduqca çətindir. Əgər komandada kimlərsə bu cür xoşagəlməz hallara yol verirsə, ümumilikdə görülən digər işlərin də üzərinə az da olsa, kölgə salır. Ona görə də dövlət başçısı müsahibəsində ictimai nəzarətin vacibliyini qeyd edir və gələcəkdə bu hallara qarşı həm mübarizə aparılması, həm də çevik islahatların həyata keçirilməsini istəyir. Biz isə bu məsələdə ona yalnız uğurlar arzulayır və hər zaman dəstək olmağa hazırıq".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib: "Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir".
Dövlət başçısı xüsusi ilə qeyd edib ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq: "Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm".