Perunun aparıcı xəbər kanallarından biri “Latina TV”də efirə getmiş proqramda Ermənistanın təcavüzkar siyasətinin nəticələri, Azərbaycanın torpaqlarını çoxillik işğaldan azad edərək tarixi ədaləti bərpa etməsi, həmçinin regionda yeni reallıqlar yaratmasından bəhs olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, veriliş zamanı telekanalın ölkəmizə ezam olunmuş müxbirinin işğaldan azad olunmuş ərazilərdə lentə aldığı videogörüntülər nümayiş etdirilib, perulu jurnalistin Ağdam, Gəncə və digər şəhərlərimizdə şahidi olduğu erməni terroru və vandalizminin dəhşətverici olduğu vurğulanıb.
Həmçinin süjetdə Qarabağın artıq müzakirə mövzusu olmadığı, Azərbaycanın erməni işğalına son qoyaraq bölgədə yeni reallıqlar yaratdığına diqqət çəkilib. Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və tezliklə iki ölkə arasında çoxdan gözlənilən yekun sülh müqaviləsinin imzalanması regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına, inkişaf və tərəqqiyə xidmət edəcəkdir.
Yayım zamanı məsələ ilə əlaqədar ölkəmizin Perudakı səfiri Məmməd Talıbovdan götürülmüş müsahibə də əksini tapıb. Səfir Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən son hadisələr və ölkəmizin sülh gündəliyi haqqında ətraflı məlumat verib, hazırda Azərbaycan Hökuməti qarşısında duran əsas vəzifələrdən birinin vaxtilə etnik təmizləmə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə həmvətənimizin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi olduğunu bildirib. Davam edən erməni mina terrorunun fəsadlarına baxmayaraq, işğaldan azad edilmiş torpaqlarda sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərininin həyata keçirildiyi vurğulanıb.
Diplomat, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatına reinteqrasiyasının əhəmiyyətinə toxunub, bu məqsədlə zəruri tədbirlərin görüldüyünü qeyd edib. Xüsusi vurğulanıb ki, BMT missiyası Qarabağa səfəri zamanı yerli erməni sakinlərə qarşı heç bir zorakılıq halı və mülki ictimai infrastrukturda heç bir ziyan qeydə almayıb.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən söz açan səfir M.Talıbov iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin, eləcə də regional nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini qeyd edib.