Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində əldə etdiyimiz qələbədən və döyüşlərdə PUA-ların rolundan da danışıb.
Dövlət başçısı bununla bağlı fikirlərini Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə bölüşüb:
“Döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim. Ona görə ki, bir sıra ölkələrdə yetərincə effektiv olan erməni təbliğatı və erməni diaspor təşkilatları onilliklər ərzində bu münaqişə barədə yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların başlanğıcına və bəzi ölkələr tərəfindən qəbul edilmiş qərarlara nəzər salsaq, onlar, sadəcə, heç bir məntiqə uyğun gəlmir. Azərbaycan işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək Aktına bədnam 907 nömrəli düzəliş qəbul etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın birbaşa hərbi yardımından məhrum etdi, özü də təkcə hərbi yardımından yox. Zərərçəkmiş ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz qaldıq. Yeri gəlmişkən, bu düzəlişin qəbul edilməsində ABŞ-ın sonrakı rəhbərləri, administrasiyada çox yüksək vəzifələr tutmuş və indi də tutan rəhbərlər çox böyük rol oynayıblar. Bu düzəlişi belə əsaslandırırdılar ki, guya Azərbaycan Ermənistanı mühasirəyə alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları işğal edilib və bunu Ermənistanın mühasirəyə alınması adlandırırlar. Bunu ona görə deyirəm ki, erməni diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni, Ermənistanın etnik təmizləmələr aparmış, Xocalıda soyqırımı törətmiş, bütün tarixi və mədəni binaları dağıtmış təcavüzkar, işğalçı olması – bütün bunlar gizlədilirdi. Azərbaycan isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim edilirdi. İstər “Washington Post”, istər “New York Post”, istər “Figaro”, istərsə də ABŞ-ın, Fransanın, Almaniyanın və bir sıra digər ölkələrin başqa kütləvi informasiya vasitələri ölkəmizi “Əliyevin diktator rejimi” adlandırırdılar. Beləliklə, erməni diasporunun hakimiyyəti – o isə Ermənistan Respublikasının hakimiyyətindən qat-qat güclüdür, - elə fon yaradır və şayiə yayırdı ki, belə diktator ölkədə erməni əhali özünü təhlükəsiz hiss edə bilməz və bu səbəbdən Dağlıq Qarabağ ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil statusa malik olmalıdır, halbuki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada hamı sülh və həmrəylik şəraitində yaşayır.
Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün baş verənlərə uyğun olmayan bircə kəlmə də deməmişəm. Erməni tərəfi müharibə dövründə nələr baş verməsi və daha əvvəl nələr olması barədə öz xalqına yalan deyir, dünya birliyini aldadırdı. Buna görə də əlbəttə, düşünürəm ki, ilk növbədə, onların tezisləri inandırıcı deyildi, əslində, onlar özlərini hörmətdən saldılar və biz baş verənlər barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı. İstər döyüş meydanında, istərsə də informasiya məkanında belə dürüst mübarizə gedəndə, əlbəttə, erməni tərəfin şansı ola bilməzdi”.
Prezident jurnalistin “44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar. Əlbəttə, İkinci Qarabağ müharibəsinin, necə deyərlər, vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz uçuş aparatlarının bütün siniflərindən nə dərəcədə genişmiqyaslı və səmərəli istifadə etdiyini göstərir. Bu, XXI əsrin müharibəsi idi, eyni zamanda, çox böyük sayda uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi barədə danışa bilərsinizmi? Ona görə ki, bu münaqişəyə qədər istər Amerika Birləşmiş Ştatlarının, istərsə də hətta İsrailin bu cür yüksək texnoloji, uğurlu, səmərəli müharibə təcrübəsi yox idi. Siz buna necə, nəyin sayəsində nail oldunuz?” sualını da cavablandırıb:
“Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelində biz “Harop” PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, “Sky Striker” almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçuş aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi.
“Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi “Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər “Harop” ilə, zirehli texnika və digər hədəflər isə əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, “Harop” birdəfəlik istifadə silahıdır, ona görə də biz “Harop” ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik.
Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb. Deməliyəm ki, döyüş əməliyyatları aparılan dövrdə bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları bilirik, müharibənin gedişində onları düzəldirdik. Mən hər bir addımımızı ideallaşdırmaq fikrindən uzağam. Biz öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə məzəmmət etmişəm, lakin həmin nöqsanlar fundamental xarakter daşımırdı. Pilotsuz uçuş aparatlarının tətbiqi məsələsinə gəldikdə isə burada bizim səhvlərimiz olmayıb”.